|
|
|
|

Fransa hökuməti Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində evsiz miqrantlara qarşı çox sərt və amansız davranış sərgiləyir. Belə ki, bu insanların taleyini düşünmədən onları Parisdən qovur. Aparıcı xarici medialar mövzuya geniş yer verməkdədir. "The New York Times"in yazdığına görə, son bir il ərzində Fransa hakimiyyəti 2024-cü il Yay Olimpiya Oyunları ilə əlaqədar Parisdən minlərlə evsiz miqrantı qovub. Onlara heç bir təminat verilməyib, yerləşdirmə edilməyib. Sadəcə çox kobud rəftar edilməklə, avtobuslara doldurulmaqla şəhərdən kənara aparılıblar.
Nəşr yazıb ki, Afrikadan olanlar da daxil olmaqla, miqrantlara başqa yerdə mənzil və sosial yardım vəd edilsə də, bu, yerinə yetirilməyib. Onlar tanış olmayan ərazilərdə küçələrə atılıblar və ya deportasiya ilə hədələniblər. Görünən odur ki, Makron hakimiyyəti getdikcə daha da azğınlaşır. Eyni zamanda, baş verənlərdən dərs almaq istəmir.
Makron hakimiyyəti köçürülmənin Olimpiada ilə əlaqəli olduğunu inkar edir. Bunu "Parisdə mənzil çatışmazlığını azaltmaq" üçün nəzərdə tutulmuş könüllü bir proqram kimi təqdim etməyə çalışırlar. Amma bu yalanla həqiqəti ört-basdır edə bilməyiblər. Belə ki, "The New York Times" hökumətin mənzil-məişət məsələləri ilə məşğul olan məmurunun məktubuna istinad edir ki, orada da açıq şəkildə insanların Oyunlardan əvvəl Parisdən köçürüldüyü bildirilir.
Miqrantlar da hakimiyyətin hərəkətlərini birbaşa Olimpiya Oyunlarına hazırlıqla əlaqələndirirlər. Olimpiya kəndi yaxınlığında tərk edilmiş sement zavodundan qovulmuş Çaddan olan Məhəmməd İbrahim jurnalistlərlə söhbətində deyib ki, boş bir binaya köçüb, lakin sonra polis məmurları onu digər evsizlərlə birlikdə avtobusa mindirərək ərazidən uzaqlaşdırıb.
Mərkəzi Afrika Respublikasından olan Omar Alamin isə bildirib ki, onları təsadüfən hara gəldi aparırlar. Onun sözlərinə görə, köçməyə razılıq verməkdən başqa seçimləri qalmayıb. Əks halda, polis zor tətbiq edir: "Polislər gəlib bizi mühasirəyə aldılar".
Məlumata görə, başqa şəhərlərdə evsiz insanlar üç həftəyə qədər sığınacaqlarda qalır və sığınacaq üçün uyğun olub-olmadıqları yoxlanılır. Uyğun olanlar sığınacaq üçün müraciət edir və sığınacaqlarda qalırlar. Digərləri - təxminən 60% - status üçün müraciət edə bilməz. Ya deportasiya olunurlar, ya da yenidən küçədə qalırlar. Ümumiyyətlə, Fransa hökuməti miqrantlara qarşı çox sərt, hətta qeyri-insani siyasət sərgiləyir və onların ölkədən çıxarılması üçün amansız üsullara əl atır. Miqrantlara kömək edən hüquqşünaslar onları polis reydləri zamanı avtobuslara minməməyə çağırıb və bu cür əməliyyatları "deportasiyanın xəbərçisi" adlandırıblar.
Evsizlərin daşındığı şəhərlərin səlahiyyətliləri etiraf edirlər ki, proqram onlarla razılaşdırılmayıb.
"Marseldə bütün evsizləri yerləşdirmək üçün pul yoxdur, amma evsizləri Parisdən çıxarmaq üçün pul var?", - Marsel merinin müavini Odri Qarino sual edib.
Bundan əvvəl Fransanın "Le Revers de la medaille" (Medalın o biri üzü) xeyriyyə təşkilatları qrupu Parisdə baş verən "sosial təmizləmə" barədə məlumat yayıb. İyun ayında dərc olunan hesabatında qeyd edilib ki, 2024-cü ilin əvvəlindən Paris hakimiyyəti miqrant çadır düşərgələrində 26 əməliyyat keçirib. Müqayisə üçün vurğulanıb ki, bütün 2022-ci ildə təxminən 30 belə əməliyyat olub.
Ümumilikdə, qrupun məlumatına görə, son bir il ərzində hakimiyyət 13 mindən çox insanı Parisdən qovub ki, bu da 2021-2022-ci illərin eyni dövrü ilə müqayisədə 38,5 faiz çoxdur. Hesabatın müəllifləri düşünürlər ki, Olimpiya Oyunları son illər hakimiyyətin yürütdüyü siyasət üçün "sürətləndirici" rolunu oynayıb. Eyni zamanda, hesabatda qeyd olunur ki, qovulma ilə üzləşən insanlar yenidən küçələrə çıxır, könüllülər və sosial işçilər onlarla əlaqəni kəsirlər.
BMT-nin xüsusi məruzəçisi Balakrişnan Rajaqopal hələ iyun ayında Paris hakimiyyətini "sosial təmizləmə"yə əl atmadan şəhəri Olimpiadaya hazırlamaqla bağlı bütün problemləri həll etməyə çağırıb.
"Olimpiadadan əvvəl Parisi gözəlləşdirmək üçün insanları yerləşdirdikləri binalardan qovmaq Çin, Hindistan və bir çox digər ölkələrin meqa-tədbirlərdən əvvəl etdiklərindən heç də fərqlənmir. Fransa bunu necə əsaslandırır?, - o, "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Makronun bu siyasəti xeyli müddətdir ki, tənqid olunur. Hələ bir müddət əvvəl Respublika Partiyasından olan Bernar Karayon deyib ki, bu siyasət Parisi daha ciddi nəzarət olunacaq şəhərə çevirməyə yönəlib. Onun qənaətincə, bu, yolverilməzdir. Siyasətçi baş verənləri Emmanuel Makronun uğursuz siyasətinin nəticəsi adlandırıb.
Görünən odur ki, dünyada hökmran olmağa çalışan bu cılız siyasətçi həm daxili, həm xarici siyasətdə fiaskoya uğrayıb. Afrikadan qovulub, Yaxın Şərqdə niyyətinə nail ola bilməyib, Cənubi Qafqaz iştahını Azərbaycan boğazında qoydu, Avropa Parlamentinə seçkiləri uduzdu, ölkə parlamentinə seçkilərdə biabırcasına məğlub oldu.
Nəhayət, Parisi gözəlləşdirmək adı ilə miqrant ovuna çıxıb. Onsuz da çirk, üfunət içində batan Parisi insanları qovmaq, taleyin ümidinə buraxmaqla təmizləməyə çalışır. Bu, bir ölkə rəhbəri, özü də Avropanın mərkəzi olan dövlət üçün utanc olmalıdır. Amma görünür, Makron həm də tarixə abırsız siyasətçi kimi düşməyi hədəfləyib. Bütün uğursuzluqlarına, məğlubiyyətinə, iflas etməsinə baxmayaraq, hakimiyyətdə qalmağa davam etməklə, daha çox nifrət qazanır. Təkcə sağçılardan deyil, solçulardan da zərbə alması onun sonunu gətirməli idi. Abırlı siyasətçi istefa verərdi, o isə mənasız dirəniş göstərir və bu dirənişlə daha da zəifləyir, gülünc vəziyyətə düşür.



