Ötən həftə sonu dünya gündəmi ABŞ-da respublikaçıların prezidentliyə namizədi, sabiq dövlət başçısı Donald Trampa qarşı sui-qəsd cəhdi ilə silkələndi. Hadisə Pensilvaniyada keçirilən mitinqdə onun çıxışı zamanı baş verib. Belə ki, sabiq prezidentə atəş açılıb və o, qulağından yaralanıb. Tramp özü sui-qəsdən sağ çıxmasını möcüzə adlandırıb. Çünki o, başından hədəf alınıb, sadəcə şansı gətirib ki, güllə qulağına dəyib.
Hadisədən sonra Tramp təhlükəsizlik tədbirləri ilə ərazidən uzaqlaşdırılıb. Sui-qəsd zamanı bir nəfər həlak olub, iki nəfər yaralanıb, Trampa atəş açan şəxs də snayperlə zərərsizləşdirilib. Tramp ABŞ Məxfi Xidmətinə və hüquq-mühafizə orqanlarına təşəkkür edib, həmçinin mitinqdə həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.
Məlum olub ki, sabiq dövlət başçısına sui-qəsd cəhdini həyata keçirən şəxs Tomas Metyu Kruksdur. 20 yaşlı Kruks Trampın çıxış etdiyi səhnədən 100 metr aralıda yerləşən istehsalat zavodunun damından atəş açıb. Məxfi Xidmətin snayperi tərəfindən öldürüldükdən sonra baxış zamanı cəsədinin yanında AR-15 tüfəngi aşkarlanıb.
Şahidlərin fikirləri də maraq doğurur. Onlar deyirlər ki, atəş açan şəxs ümumiyyətlə, gizlənməyib. Məsələn, Qreq Smit adlı hadisə şahidi “Euronews”a bildirib: “Biz polislərə deyirdik ki, damda tüfəngli bir oğlan var. Onlar isə “nə olub?" soruşurdular. Deyəsən, nə baş verdiyini bilmirdilər. Damı göstərir, bir nəfərin süründüyünü söyləyirdik. Mən öz-özümə düşünürdüm ki, Tramp niyə hələ də danışır. Niyə onu hadisə yerindən uzaqlaşdırmayıblar? 2-3 dəqiqə orda dayanıb ona işarə etdim. Məxfi Xidmət anbarın damından bizə baxırdı. Mən damı göstərirdim. Və sonra beş dəfə atəş səsi eşidildi”.
Sui-qəsd cəhdi həm də dünya gücü olan bir dövlətdə təhlükəsizliyin hansı səviyyədə olduğunu ortaya qoydu. Düzdür, ABŞ-da atışma adi hala çevrilib. Demək olar ki, hər gün belə xəbərlər oxuyuruq. Amma burda söhbət prezidentliyə namizədin təhlükəsizliyinin təminindən gedir. Baş verən hadisə həm də ABŞ tarixində oxşar sui-qəsdləri yada saldı. ABŞ prezidentləri Avraam Linkoln, Con Kennedi, onun prezidentliyə namizəd qardaşı Robertə, siyasi xadim Martin Lüter Kinqə qarşı törədilmiş sui-qəsdlər.
Onu da qeyd edək ki, dünya liderləri sui-qəsd cəhdindən sonra Trampa dəstək ifadə edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev hadisəyə reaksiya verən ilk dövlət başçılarından oldu. Azərbaycan lideri sosial şəbəkə hesablarında Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar paylaşım edib: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da X sosial mediasındakı paylaşımında ABŞ-ın 45-ci prezidenti və prezidentliyə namizədi Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyib.
Avropa liderləri də hadisədən sonra Trampa dəstək və həmrəyrlik ifadə ediblər.
Hadisəni şərh edən deputat Bəhruz Məhərrəmov deyib ki, ABŞ-nin keçmiş Prezidenti və prezidentliyə respublikaçıların namizədi Donald Trampa sui-qəsd bu ölkə üçün ənənəvi olan siyasi terrordur: “Görünən odur ki, bütün dünyaya “azad seçki”, “demokratiya”, “insan haqları”, “təhlükəsiz həyat” meyarları barədə mühazirələr oxuyan ABŞ-nin özündə əslində zorakılıq aktları adi hal alıb və bir sıra situasiyalarda bu ölkənin aidiyyəti dövlət orqanları tərəfindən təşkil edilir. Təsadüfi deyil ki, ABŞ tarixində prezidentlər Linkoln, Qarfild, Kennedi, habelə siyasi xadim Martin Lüter Kinqə qarşı törədilmiş sui-qəsdlər, demək olar ki, bütün hallarda bağlı qalmış, yaxud cinayət aidiyyətsiz qurbanlar üzərinə atılmışdır. İndiki halda da, sirr deyil ki, ən azı ötən iki il ərzində ABŞ-də Trampın siyasi arenada sıradan çıxarılması üçün ona qarşı məhkəmə və digər inzibati resurslar tam səfərbər edilib. Lakin görünən odur ki, Prezident Trampın əngəlləri uğurla neytrallaşdırması və yenidən Partiyasının seçkilərdə əsas namizədinə çevrilməsi ona qarşı siyasi terroru yenidən zərurətə çevirdi. Cinayətə münasibətdə icraçının dərhal "müəyyən edilməsi" və "sıradan çıxarılması" da göstərir ki, aidiyyəti dövlət orqanları sui-qəsdin ört-basdır edilməsi, cinayətkarların dairəsinin yalnız icraçılarla məhdudlaşdırılması, təşkilatçı və təhrikçilərin, o cümlədən, köməkçilərin aşkara çıxarılmaması üçün qüvvələri səfərbər edib. Bu isə ümumbəşəri dəyərlərə qarşı təhdiddir və ABŞ-nin qlobal mənada insan haqları və demokratiya tandemi barədə söz haqqını itirdiyini göstərir”.
Onun sözlərinə görə, ABŞ hökuməti anlamalıdır ki, bəyanatlarla kifayətlənmək olmaz və Trampa qarşı sui-qəsd də daxil olmaqla, bütün cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq artıq Vaşinqtonun beynəlxalq öhdəliyidir.
Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti, politoloq Aleksey Naumov hesab edir ki, Amerikanın siyasi mədəniyyəti indi kifayət qədər radikallaşıb. Həm demokratlar, həm də respublikaçılar hazırkı siyasi kampaniyanı tamamilə apokaliptik nöqteyi-nəzərdən qiymətləndirirlər:
“Demokratlar üçün bu, “demokratiya uğrunda son döyüş”, “faşizmə qarşı döyüş”, respublikaçılar üçün “radikal sosializmlə mübarizə”dir. Bu gün Amerika siyasi sistemində ehtirasların intensivliyi o qədər böyükdür ki, rəqiblər sözün əsl mənasında bir-birlərini məhv edilməli olan düşmənlər kimi görürlər. Elmi dildə buna affektiv qütbləşmə deyilir. Amerikanın siyasi ab-havası radikallaşmaya şərait yaradır. Media da buna təəssüf ki, öz dəstəyini verir. Biz medianın Donald Trampı Hitler kimi təsvir etdiyini və bu prezident seçkilərini ölkə tarixində sonuncu seçki kimi qələmə verdiyini görürük. Guya o, hakimiyyətə gəlsə, bir daha seçki olmayacaq, ABŞ Konstitusiyası ləğv ediləcək. Vitse-prezident Kamala Harris bu barədə birbaşa danışıb. Əgər vitse-prezident bunu sizə deyirsə, necə Donald Trampı öldürməyə cəhd etməyəsiniz? Üstəlik, bir neçə gün əvvəl Co Bayden siyasi uğurlarını, daha doğrusu, uğursuzluqlarını şərh edərək, diqqəti Donald Trampa yönəltməyi təklif etdi və dedi ki, onu qapı arxasında qoymağın vaxtıdır. Aydındır ki, o, bunu siyasi nöqteyi-nəzərdən deyib, amma indi atmosfer tamamilə isterikdir, ona görə də bu, hərəkətə çağırış ola bilər”.
Politoloq hesab edir ki, hadisədən sonra tərəfdarları onun ətrafında daha çox toplanacaq: “Məsələ burasındadır ki, məhkəmə sistemi ilə bağlı macəralar, ittihamlar, cinayət işləri tərəfdarları arasında onun reytinqini artırır. Bunu bayraqlarda, stikerlərdə, avtomobillərdə, Donald Tramp tərəfdarlarının geyindiyi köynəklərdə dəfələrlə görə bilərsiniz. Məsələn, İsa Məsihin yanında və ya xaçın yanında təsvir edilir. Həqiqət üçün əziyyət çəkən iki insan kimi göstərilir. Bu hadisədən sonra seçkiyə gedib-getməyəcəyinə şübhə ilə yanaşanlar da seçkilərə gedəcəklər. Axı aydındır ki, sözün əsl mənasında onların namizədinin həyatı, prezidentinin həyatı təhlükədədir”.
Politoloqa görə, Co Baydenin hadisədə iştirakı ilə bağlı bir versiya irəli sürülür: “Burada risklərin çox böyük olduğu aydındır. Əgər belə bir şey olsa, bu, Co Baydenin karyerasının və Demokratik Partiyanın sonunu gətirə bilər”.
Rusiyalı ekspertə görə, bir namizədə sui-qəsd qütbləşmənin dərmanı olmayacaq: “Bu, daha doğrusu, uzun müddətli bir xəstəliyin əlamətidir, uzun müddətdir davam edən və getdikcə pisləşən bir problemdir. Hələlik bundan çıxış yolu yoxdur. Hər iki tərəfin siyasətçiləri kifayət qədər radikal fikirlər səsləndirirlər”.