Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqların irəlilədiyi bir vaxtda bəzi qüvvələr, başda da ABŞ və Fransa olmaqla prosesə maneə yaratmağa çalışırlar. Fransanın açıq pozucu mövqeyi, Ermənistanı silahlandıraraq yeni müharibəyə təhrik etməsinin ardınca, tərəflər arasında vasitəçiliyə can atan Birləşmiş Ştatlar da eyni yolu gedir.
Belə ki, hazırda Ermənistanda ABŞ-la birgə "Eagle Partner 2024" adlı hərbi təlimlər keçirilir. Ermənistanın Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumata görə, təlimin açılış mərasimində müdafiə naziri Suren Papikyan, ABŞ-ın bu ölkədəki səfiri Kristina Kuin iştirak ediblər.
Papikyan deyib ki, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirir.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.
Cənubi Qafqaz regionu Ermənistanın təcavüzkar siyasəti nəticəsində uzun illər sülhdən, sabitlikdən, təhlükəsizlikdən uzaq düşüb. İndi regionda Azərbaycanın yaratdığı yeni reallıqlar çərçivəsində sülh, əmin-amanlıq, dinc qonşuluq münasibətlərinin qurulması üçün də imkanlar yaranıb. Bakı və İrəvan heç bir vasitəçi olmadan sülh prosesində irəliləyişlərə nail olublar. Vasitəçisiz danışıqlar təklifinin müəllifi də Azərbaycandır. Çünki münaqişə bitdikdən sonra tərəflər arasında sülh prosesində vasitəçi olmağa çalışan qüvvələrin heç biri tərəfsiz ola bilmədi. Bu cür mövqe isə prosesin davamlı olmasını əngəlləyirdi.
Regionun yenidən hərbləşməsinə, münaqişə ocağını alovlandırmaq üçün Qərbin və ABŞ-ın bu cür pozucu addımlarına deyil, sülhə, sabitliyə ehtiyacı var. Amma görünür, bu güclər üçün bunun heç bir fərqi yoxdur, əsas onların maraqlarının təmin olunmasıdır.
İndi belə bir təlimlərə nə ehtiyac var idi, ümumiyyətlə, təlimlər kimə qarşıdır? Ermənistanı militarizasiyaya, yeni hərbi kampaniyaya həvəsləndirərək, bu ölkədə revanşist meylləri gücləndirməkdə məqsəd nədir. Axı, ABŞ qeyd etdiyimiz kimi, bir tərəfdən sülh çağırışı edir, vasitəçi donunda görünməyə çalışır, o biri tərəfdən belə addımlar atmaqla məqsədinin başqa olduğunu nümayiş etdirir. Bəllidir ki, ABŞ-ın əsas hədəflərindən biri Rusiyadır. Bölgədə onu zəiflətməyə və yerini tutmağa çalışır.
Əslində Ermənistanla keçirilən təlimlər 5 aprel ABŞ-Aİ-Ermənistan tamaşasının davamıdır. Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar.
Digər tərəfdən, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaratmaqla onsuz da bütün region üçün böyük təhlükə kəsb edilən "Metsamor"AES-nı daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınır. Baş verənlər ciddi narahatlıq yaratmalıdır, özü də bütün region dövlətlərində. Görünən odur ki, bu cür addımların davamı olacaq. Amma Rusiya arada bəyanatlar verdiyi halda, İran ümumiyyətlə, susqunluq nümayiş etdirir. Sanki heç nə baş vermir, yaxud bütün bunlar Tehran üçün hər hansı təhdidlər yaratmır. İran səsini çıxartmır, NATO isə artıq onun sərhədlərinə yerləşir.
Mövzunu "525"ə şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Ermənistanda iyul ayının 15-dən 24-nə kimi Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb. Bu təlimin adı "Eagle2024"dür: "Məlumdur ki, təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı dislokasiya olunmuş quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər. Onların açıqladığına görə, birgə təlimlərdə məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında koordinasiyanın səviyyəsinin yüksəldilməsi, idarəetmə və kommunikasiya sahəsində təcrübə mübadiləsi, o cümlədən, Ermənistan hərbçilərinin döyüş hazırlığının artırılmasıdır. Lakin hərtərəfli baxanda bunun məramı, məqsədinin nədən ibarət olduğu açıq şəkildə görünür. Nəyin bahasına olursa-olsun Ermənistan ərazisindəki Rusiya bazasının nüfuzunu aşağı salmaq, eyni zamanda dünyaya göstərmək ki, erməni ordusu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxdıqdan sonra məhz ABŞ ordusu və Qərbin bir sıra aparıcı dövlətlərinin orduları ilə birgə təlimlərə başlayırlar. Bu da guya ki, orduda baş verən islahatlarla bağlıdır. Rusiya müəyyən bəyanatlar verərək, öz münasibətini bildirib. Onların əsas məqsədləri geosiyasi layihələrin həyata keçirilməsi üçün Ermənistanda bir paltformanın, plasdarmın yaradılmasıdır. Bu isə Cənubi Qafqazda sülhün bərqərar olmasına ziyan gətirə bilən başlıca addımlardan biri kimi dəyərləndirilməlidir. Baş verənlər təbii ki, ilk növbədə Rusiyanın, İranın əleyhinədir. Regionda olan dövlətlərin təhlükəsizliyinə təhdid də ola bilər. Azərbaycan bunların hamısını təhlil edərək özü üçün nəticə çıxarıb ki, bu cür təhlükə olsa belə, Azərbaycanın öz daxili və xarici siyasəti var, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün hər cür imkalara da malikdir. Bu əsas məqamlardan biridir. Son vaxtlar istər Fransa, istər Hindistandan Ermənistana silah tədarükü müharibə ocağını yenidən körükləmək kimi başa düşülməlidir. Qərb odla oynayır, heç cürə razılaşa bilmir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məhz iki dövlətin iştirakı ilə həyata keçirilə bilər. Buna görə də onlar öz varlıqlarını məhz belə yollarla göstərməyə çalışırlar. Yəni bu təlim Azərbaycan üçün o qədər ciddi təhdid deyil. Lakin belə təlimlər dolayı yollarla regionda təhlükəsizlik məsələlərinə ziyan gətirə bilən missiyadır. Nə qədər ki, bu ocaqlar var, dünyada sülhün bərqərar olması üçün ən böyük çətinliklər yaranır. Buna görə hesab edirəm ki, həm ABŞ, həm digərləri düşünməlidirlər ki, bu proses nə ilə bitə bilər. Maraqlı məqam budur ki, İran buna daha çox reaksiya verməldir, çünki ABŞ qüvvələri artıq Ermənistandadır və İranın sərhədləri yaxınlığında təlimlər keçirlər. Bunlar da ciddi siqnaldır".