Ölkəmizin qocaman teatr ocaqlarından olan Gəncə Dövlət Dram Teatrı yeni mövsümünü sentyabrın 19-da Əziz Nesinin “Toros canavarı” sosial komediyası ilə açır.
525.az xəbər verir ki, yaradıcı kollektiv “yubiley tarixinə də bir şey qalmadı” ovqatı ilə, daxil olduğu teatr dövründə tamaşaçılarını darıxmağa qoymamaq niyyətindədir. Elə yalnız sentyabr ayında dörd tamaşa oynanılacaq: “Toros canavarı”ndan əlavə, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”su, Avksenti Saqarelinin “Xanuma”sı və Nüşabə Əsəd Məmmədlinin “Cavad xan”ı nümayiş etdiriləcək.
Bu barədə məlumat verən Gəncə Dövlət Milli Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev yaxın gələcək üçün teatrın yaradıcılıq planlarından da danışıb.
O bildirib ki, teatrda Rey Kuninin “Nömrə 13” komediyasının məşq prosesinə hazırlıqlar gedir və tamaşaya Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru, Respublikanın Əməkdar artisti Nicat Kazımovun quruluşunda baxmaq mümkün olacaq.
“Həmin əsərin səhnə quruluşunun rəssamı Mustafa Mustafayev olmaqla əsas rollarda Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Abbasov, Kəmalə Məmmədova, Ramiz Vəliyev, eləcə də aktyorlar Ruslan Hüseynov, Murad Meyfaliyev, Şəlalə Rüstəmova, Samir Abbasov, Zeynəb Hüseynova və Elmir Məmmədov ifa edirlər. Bu tamaşada həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Aslan Şirin də dəvətli aktyor olaraq iştirak edəcək. Həmçinin türk dramaturqu Birgül Gülər Yaşıloğlunun “Qadınlar danışarsa” pyesi əsasında eyniadlı musiqili tamaşanın da məşqləri davam edir. Bu əsərin quruluşu teatrın baş rejissoru, Prezident mükafatçısı Elşad Əhmədova, səhnə tərtibatı rəssam Mehdi Hüseynova məxsusdur”, - deyə A.Bürcəliyev qeyd edib.
Müsahibimiz həmçinin bildirib ki, cari ilin sonuna qədər teatrda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyası və Toyqun Orbayın “İnsan oğlunun şərəfinə” dramı da təqdim olunacaq.
Zakir Muradov, Gəncə