Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 31-də mətbuat konfransı keçirib, O, tədbirdə bir sıra həqiqətləri təhrif edirək beynəlxalq ictimaiyyəti aldatmağa çalışıb. Məsələn, Paşinyan Azərbaycanın guya İtaliyadan silah-sursat alması barədə iddia səsləndirib. Halbuki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb ki, bu da silah deyil. Ermənistan isə İkinci Qarabağ müharibəsindən sonra silahlanmağa başlayıb. Xüsusilə son vaxtlar bu silahlanma daha sürətli şəkildə həyata keçirilir. İrəvan Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır, özü də buna ehtiyacı olmadığı halda. Bu prosesdə İran, Avropa İttifaqı da iştirak edir. Cari il aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü məhz hərbi məqsədlərə xidmət edirdi. Görüşün nəticəsi olaraq məxfi saxlanılan üçtərəfli hərbi pakt imzalandı.
Fransa tərəfindən Ermənistana "Bastion" çoxməqsədli zirehli avtomobilləri və "Sezar" özüyeriyən artilleriya qurğuları tədarük edilir. Bu il iyulun 22-də Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, "Avropa Sülh Fondu" çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım ayrılması nəzərdə tutulub.
Paşinyan daha bir yalan söyləyərək deyib ki, guya Azərbaycan ÜDM-in 17 faizini hərbi məqsədlərə xərcləyir. Azərbaycanda bu rəqəm 4 faiz ətrafındadır. Bundan əlavə, aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlar da Paşinyanın səsləndirdiyi rəqəmin yalan olduğunu və dəfələrlə şişirdildiyini sübut edir. Ermənistanda hərbi xərclər Azərbaycandan xeyli artıqdır. İrəvanın hərbi xərclərini ötən illə müqayisədə 46 faiz artırması militarizasiyasını sübut edən növbəti göstəricidir. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur.
Nikol Paşinyan bildirib ki, Azərbaycan silahlandığı halda, Ermənistan bunu niyə etməməlidir. Əslində bu sualın cavabını Paşinyan yaxşı bilir. Azərbaycanla Ermənistana fərq qoyulmalıdır ona görə ki, Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İndi də bu ölkədə revanşizm, qisas almaq, yeni müharibə çağırışları gündəmdədir. İrəvanın sülh sazişi imzalamaq istəməməsi, Konstitusiyasını dəyişməməsi də onun hərbi məqsədlərindən xəbər verir.
İkinci Dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib, onlardan biri də məhz Ermənistandır. Məsələn, İraqın Küveytə təcavüzündən sonra İraqa müvafiq qaydada silah məhdudiyyəti tətbiq edilmişdi. Ermənistan hərbi potensialını inkişaf etdirirsə, sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Ermənistanı silahlandıran ölkələr də buna görə məsuliyyət daşıyırlar.
Ermənistanın hökumət başçısının Azərbaycan Konstitusiyası ilə bağlı iddiaları da ağ yalandır. Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə söylədikləri tamamilə yanlışdır.
Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. Birinci Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu, heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir. Ona görə də bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir.
Amma Ermənistanın Konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı məlumdur. Hazırda sülh sazişinin imzalanmasına ən böyük əngəl də məhz budur. Paşinyanın dediklərinin heç bir hüquqi əsası yoxdur və aydın görünür ki, Ermənistan manipulyativ metodlardan istifadə edir. Ermənistanın Konstitusiyası "miatsumu" erməni xalqı qarşısında hədəf kimi müəyyən edir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, erməni xalqı referendum vasitəsilə "miatsum" məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir.
Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və Konstitusiya dəyişdirilməlidir: "Görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil. Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir".
Nəhayət, Paşinyanın ATƏT-in Minsk qrupunun ləğv edilməməsi ilə bağlı iddiaları manipulyativ xarakter daşıyır. Minsk qrupu artıq tarixdə qalıb, Azərbaycan Prezidenti bunu dəfələrlə bəyan edib. Paşinyanın Minsk qrupu ilə bağlı mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib: "Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!"
Nəhayət, Zəngəzur məsələsi, Ermənistan 30 ildən artıqdır Naxçıvanı blokada vəziyyətində saxlayıb. Paşinyan hakimiyyətə gəldikdən sonra da blokada davam edib. İndi Ermənistan öz maraqları çərçivəsində blokadanın açılmasından danışır ki, bu da riyakarlıqdan başqa bir şey deyil. Əvvəlcə Ermənistan xoş niyyət göstərməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında kommunikasiyanın açılmasına imkan yaratmalı, sonra isə digər nəqliyyat məsələlərinə baxıla bilər. Azərbaycan öz vətəndaşlarını Ermənistanın ümidinə buraxa bilməz, çünki Ermənistanın bu halda necə davrandığı hamıya məlumdur.
Paşinyan ziddiyyətli bəyanatları, təhrifləri, yalanları sülh prosesinə necə yanaşdığını göstərir. Ermənistan həqiqətən də sülh istəyirsə, öz yanlış mövqeyindən əl çəkməli, sülhə doğru real addımlar atmalıdır.