Azərbaycanın Qarabağ ərazisində mövcud olmuş separatçı xunta rejiminin rəhbəri Samvel Şahramanyan bir neçə gün əvvəl cəfəng iddialar səsləndirib. Qarabağ separatçılarının keçmiş və sonuncu rəhbəri qondarma "DQR"in 33-cü ildönümü ilə bağlı açıqlamasında yenidən separatçı baxışlarını, siyasi ambisiyalarını ortaya qoyub. O deyib: "Təəssüf ki, "artsax" itirilib. Bu günü bayram kimi qeyd edirdik, amma indi bu, acı gündür". Şahramanyan separatçı rejimin ləğvi barədə sənədi hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etməyən sənəd adlandırıb.
"Yalnız güclü Ermənistanla Qarabağı geri qaytara bilərik. Ermənistanın sabiq XİN başçısı Vardan Oskanyanın rəhbərliyi altında xüsusi bir komissiya yaradılıb. Bu komissiya beynəlxalq təminatlar altında xalqımızın öz evlərinə təhlükəsiz qayıdışını təmin etmək üçün beynəlxalq təşkilatlardan dəstək və mexanizmlər axtarır", - deyə Şahramanyan bildirib.
Göründüyü kimi, Şahramanyan separatçı ab-havadadır, öz sərsəm iddialarından əl çəkmək istəmir. Yada salaq ki, ötən ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi bir günlük antiterror tədbirləri ilə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Azərbaycan ərazisində separatçı rejimin, qanunsuz erməni silahlılarının mövcudluğuna son qoyuldu. Qondarma rejimin buraxılmasına imza atan Şahramanyan indi Azərbaycanla söz oyununa başlayıb. Əlbəttə, Azərbaycan üçün bütün bu iddialar cəfəngiyyatdır və heç bir məna kəsb etmir. Ermənistanın cəsarəti çatırsa, bu cəfəng ideyaların gerçəkləşdirilməsi istiqamətində addım atsın. O zaman hansı cavabı alacaqlarını təsəvvür etmələri çətin deyil. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, əgər görsək ki, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.
Digər tərəfdən, rəsmi Bakı Qarabağ ermənilərinə dəfələrlə çağırış etdi ki, onlar qalıb yaşamağa davam edə bilərlər. Belə olan halda, Azərbaycan vətəndaşları olaraq onların bütün hüquqları təmin ediləcək. Lakin ermənilər köçməyə qərar verdilər və dinc şəraitdə, bütün hüquqları təmin olunmaqla bölgəni tərk etdilər. Təbii ki, Azərbaycan onları məcburi saxlaya bilməzdi, bu, insanların fərdi seçim hüquqlarına müdaxilə olardı. Bakı indi də onların qayıdışı məsələsini müzakirə etməyə hazırdır. Amma qayıdış hüququ, o cümlədən də, qərbi azərbaycanlılara şamil edilməlidir.
Prezident İlham Əliyev bununla bağlı deyib ki, Azərbaycan birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb.
Bu günlərdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ermənilərin Qarabağa qayıtmasını necə görür barədə suala cavabında bildirib: "Bunu Ermənistan Baş naziri Nikol Paşinyan necə görür? Bununla bağlı hansısa ətraflı proqram mövcuddurmu? Mən misal üçün, Qarabağın erməni əhalisinin qayıtması ilə bağlı Azərbaycan tərəfinin proqramını görmüşəm. Əgər Ermənistan Baş naziri tərəfindən belə bir proqram irəli sürülübsə, mən məmnuniyyətlə ona baxardım. O zaman onu şərh də edərdim".
Vaxtilə azərbaycanlılar öz doğma torpaqlarından zorakılıqla, işgəncələrə məruz qalmaqla qovulub, əmlakları talan edilib. Soydaşlarımız uzun illərdir ki, qaçqın həyatı yaşayırlar, yurd həsrəti çəkirlər. Axı bu gün ermənilərin qayıdışını əlində bayraq edib, bunu ölkəmizə qarşı istifadə etmək istəyən qüvvələr Qərbi azərbaycanlıların məsələsinə niyə eyni münasibəti göstərmirlər? Bu, təbii ki, ikili yanaşmanın, ədalətsizliyin nəticəsdir.
Qərbi Azərbaycan İcmasının məlumatına görə, 1987-1991-ci illərdə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası ərazisinin) yalnız azərbaycanlıların yaşadığı 170-dən artıq kəndindən, soydaşlarımızla ermənilərin qarışıq yaşadığı 100-ə yaxın yaşayış məntəqəsindən (kənd, qəsəbə və şəhərdən) 49.928 ailədə 300 min nəfərədək azərbaycanlı ermənilər tərəfindən öz doğma yurdlarından zorla qovulublar. Bu zaman 200 nəfərdən çox soydaşımız erməni şovinistləri tərəfindən öldürülüb, (güllələnmiş, qəsdən avtomobil qəzasına salınmış, dağ yollarında donmuş və s.), 400 nəfərdən çox azərbaycanlı isə yaralanıb. Bir çox azərbaycanlıların evləri, əmlakları yandırılıb və ya talanıb, əvəzi ödənilmədən əllərindən alınıb, mənimsənilib.
Ermənilər həm də azərbaycanlılara məxsus izləri silməyə çalışırlar. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev qeyd edib ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər: "Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb".
Dövlət başçısı qeyd edib ki, indi əsas vəzifə bunu dünya ictimaiyyətinə də çatdırmaqdır.
Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşmanın olması, parlamentdə bununla bağlı xüsusi komissiyanın yaradılması məsələsinə baxılması artıq zərurətə çevrilib, eyni zamanda mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib.
Ermənistanda son günlər cərəyan edən proseslərə, separatçıların yenidən baş qaldırmaq cəhdlərinə baxanda görünən odur ki, hər ilin sentyabrında Ermənistan özünü havalı kimi aparmağa başlayır. 2020-ci ildən başlayaraq hər ilin sentyabrında zərbə almağa alışıblar. Amma unutmasınlar ki, dəmir yumruq yerindədir, növbəti dəfə onun gücünü üzərlərində sınaqdan keçirə bilərlər.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı bildirib ki, bu günlərdə Qarabağ erməniləri 1991-ci ilin bu vaxtlarında elan etdikləri qondarma "müstəqilliklərinin" ildönümünü qeyd edirlər: "Şahramanyan və digərləri Qarabağ ermənilərinə müraciət edərək sərsəm bəyanatlar səsləndirirlər. Bu fonda Ermənistan rəhbərliyinin 2024-cü ildə imzalanmasına böyük ümidlərin bəslənildiyi sülh müqaviləsini imzalamaması və ərazi iddiaları ilə bağlı konkret mövqe nümayiş etdirməyərək vaxtı uzatması bölgədə sülhə zərbə kimi başa düşülür. Bir tərəfdən erməni separatçıları köhnə ab-havalarında iddialarını davam etdirir, digər tərəfdən məğlub dövlət ordusunu gücləndirir, sülh gündəliyi ilə bağlı konkret addımlar atmır: Bütün bunlar göstərir ki, aşağıda qeyd olunanların aktuallaşması istisna deyil: 1. Ermənistanın silahsızlaşdırılması. Qərbi Zəngəzur və Göyçə gölünün ortasından şərti sərhədlərə qədər ərazilər silahsızlaşdırılmalıdır. Bu ərazilərdə Ermənistan ordusu ancaq yüngül tipli silahlarla təchiz edilməlidir. Birinci və İkinci Dünya müharibələrindən sonra Almaniya, Yaponiya, ötən əsrin sonlarında İraq nümunələri artıq var.
2. Beynəlxalq aləm azərbaycanlıların qayıdışı məsələsinə ciddi yanaşmalıdır. Bölgədə sülhün möhkəmləndirilməsi üçün toplumlar əvvəlki demoqrafik coğrafiyaya qayıtmalıdırlar.
Şahramanyanın bəyanatları sülh prosesini gərginləşdirir, revanşizmdən xəbər verir. İstisna etmirəm ki, Milli Məclisdə Qərbi Azərbaycanla əlaqədar xüsusi komissiya yaradıla bilər. Nəhayət, əgər Ermənistan hücum xarakterli silahlarını Zəngəzura yerləşdirməyə davam edəcəksə, ərazi iddialarını davam etdirərək ordumuza qarşı atəşkəsi pozmağa davam edəcəksə, o zaman bölgənin buferləşdirilməsi üçün lazımi addımlar atılacaq.
Beləliklə, Azərbaycanın sülh çağırışları fonunda Ermənistandakı separatçılar və hökumət tərəfindən verilən bəyanatlar regionun təhlükəsizliyi ilə bağlı adekvat addımların atılması ilə nəticələnə bilər".