Mərhum şair, Əməkdar incəsənət xadimi Məmməd Alimin "Dünya, qapını aç.." kitabı işıq üzü görüb. Kitabın tərtibçisi və redaktoru şairin ömür-gün yoldaşı Tamilla Məmmədovadır.
Kitaba müəllifin son illərdə yazdığı şeir, poema və tərcümələri ilə yanaşı, əvvəllər yazılmış bir sıra seçmə şeirləri də daxildir. Həmin əsərlərdə şairin dünya və yaşam haqqındakı düşüncələri, insan və cəmiyyətdəki yeri, Vətən və doğma xalq qarşısında borcu poetik boyalarla öz əksini tapıb. Bu poetik duyğuları fəlsəfi ümumiləşdirmə bacarığı, vətəndaşlıq yanğısı səciyyələndirir. Kitabın ön söz müəllifi T. Məmmədova "Ölümü ilə barışa bilmirəm" yazısında şairin yoxluğundan duyduğu ağrını qələmə alıb:
"O, 65 illik ömür yolunun ləyaqətlə yaşadı. Sadəcə "Alim" deyə müraciət etdiyim - Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri, şair, dramaturq, tərcüməçi, publisist, beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, əməkdar incəsənət xadimi Məmməd Alim şərəfli, dözümlü, heç kəsə baş əymədən əsl kişi ömrü yaşadı. Hər bir sənətkar zamanının övladıdır, deyirlər. Məmməd Alim nəinki öz zamanının övladı idi, o hətta zamanı qabaqlamışdı. Onun həyat yolu ilə yaradıcılıq yolu bir-birinə calanıb hörülmüş bir ömür idi".
Kitabda şairin yaradıcılığı "Azərbaycanım", "Yuva qurdum söz içində", "Sənin gözəlliyin gözlərindədir", "Dərdini danışma dağa", "Həyat saat deyil", "Keçib gedər", "Mədinəm-nəvəm mənim", "Poemalar" və "Tərcümələr" başlıqlarında təqdim olunub.
S.MÜRVƏTQIZI



