|
|
|
|
Çin Futbol Assosiasiyası (CFA) Çin millisinin üç keçmiş futbolçusu və bir Cənubi Koreya millisinin oyunçusu Son Ho Joon da daxil olmaqla 43 nəfəri ömürlük futboldan kənarlaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb. Sözügedən şəxslər mərc oyunlarına və danışılmış oyunlara görə ittiham olunublar.
Pekin son illər Çin idmanında, xüsusən də futbolda korrupsiyaya qarşı mübarizəni gücləndirib və nəticədə bir neçə yüksək vəzifəli məmur artıq həbs cəzası alıb. Qeyd olunan 43 nəfər Çin futbolunda qeyri-qanuni mərc oyunları və danışılmış oyunlarla bağlı iki illik istintaqda iştirak edən 128 nəfər arasında idi.
Çin liqasında "Şandunq Tayşan"da çıxış edən Son Ho Joon 2023-cü ilin mayında Çində saxlanıldıqdan sonra 2024-cü ilin martında Cənubi Koreyaya qayıdıb. O, qeyri-dövlət məmurlarından rüşvət almaqda şübhəli bilinərək həbs edilib.
“Şandunq Taişan”da da çıxış edən keçmiş Çin millisi Jin Jingdao da ömürlük cəzalandırılıb.
Xatırladaq ki, mart ayında hökumət keçmiş CFA prezidenti Çen Suyuanı külli miqdarda rüşvət aldığına görə ömürlük həbsə məhkum etmişdi. Elə həmin ay Çin millisinin keçmiş baş məşqçisi və “Everton”un keçmiş yarımmüdafiəçisi Li Tie 9,7 milyon avrodan çox rüşvət almaqda təqsirli bilinib.