Bu gün Bakının çox yerində, xüsusən mərkəz hissədə əcnəbi dillərdə, ən çox da rus dilində ünsiyyət quran vətəndaşlarımıza az qala hər addımbaşı rast gəlirik. Bəziləri məhz rusca və yaxud sırf ingilis dilində danışdıqları halda, bir qisim insan Azərbaycan dilində danışarkən həm də rus və ya ingilis sözlərindən istifadə edir. Bununla da dilimizin düzgün istifadəsinə xələl gəlir, onun nüfuzu, mövqeyi zəifləyir. Bəs o insanları bu cür danışmağa, Ana dilimizlə belə xoşagəlməz davranmağa vadar edən nədir? Bu gün dilimizin lüğət tərkibindəki sözlər fikirlərimizi aydın izah etməyə yetmirmi? Bu sayaq "alınmalar"a ehtiyac varmı?
Akademik Nizami Cəfərov sözügedən mövzu ilə bağlı fikirlərini bizimlə bölüşərkən bildirdi ki, bu, insanların zövqü, intellektual səviyyəsi, təhsili, maraq dairəsi ilə bağlı məsələdir: "Hələ 20-ci əsrin əvvəllərində Cəlil Məmmədquluzadə "Anamın kitabı" əsərində o dövrün ziyalılarının fərqli nitq xüsusiyyətlərini və fərqli təfəkkür tərzini, fərqli leksikonunu, lüğət tərkibini göstərmişdi. Bu, cəmiyyətin bir tərəfə baxanda zənginliyidir, amma başqa bir tərəfə baxanda cəmiyyətdə mərkəzləşmənin bir az zəif olması deməkdir. Bu gün bizdə o problem yoxdur, bizim ziyalılarımız arasında düşüncə mədəniyyəti, nitq, dil, üslub xüsusiyyətləri elə qarşı-qarşıya dayanmır, əvvəlki kimi müxtəlif tendensiyalar, meyllər yoxdur. Bu gün daha çox ümumiləşmə var. Hər halda o ənənəvi meyl, yəni dilin lüğət tərkibində təsdiq olunmuş sözlərlə danışmaq nə qədər güclü olsa da, xüsusi düşünülmədən alınma sözlərə müraciət etmək də mövcuddur. Amma bu o vaxt daha məhsuldar ola bilər ki, bu gün bütün dünyanın işlətdiyi bir ingilis sözü, yəni beynəlxalq söz işlədilsin. Məsələn, bu gün biz "ağıllı kənd", "ağıllı şəhər" barədə danışanda smart ifadəsini işlədirik. Bu, alınmadır və təbii ki, bizim dilimizdə bunun ənənəsi olmayıb, indi yeni-yeni işlənir. Belə sözlərin dilimizdə yer tutub-tutmaması bir başqa məsələdir və əslində şərti anlayışdır".
Lüğət tərkibindəki sözlərin fikirlərimiz aydın ifadə edib-etmədiyi barədə isə akademik N.Cəfərov bunları dedi: "Azərbaycan dili dünyanın ən inkişaf etmiş dillərindən biridir. Azərbaycan dilinin lüğət tərkibi imkan verir ki, biz öz fikirlərimizi dilimizə layiq, dilimizin səviyyəsinə uyğun təfəkkür tərzimizlə əks etdirək. Həm də bu dil lüğət tərkibinin zənginliyinə görə başqa inkişaf etmiş beynəlxalq dillərdən məsələn, rus dilindən, ərəb dilindən, Çin dilindən aşağı səviyyəli bir dil deyil. Sadəcə bir məsələ var ki, bizim dilimizdə türk mənşəli sözlər üstünlük təşkil etsədə, ərəb və fars mənşəli sözlər də çoxdur. Bu ərəb-fars sözlərinin çoxluğu bizə müəyyən problem yaradır. Yəni türk mənşəli sözlər uşaqlıqdan çox asanlıqla qavranılır və bunların böyük hissəsi məişət məzmunlu sözlərdir, birbaşa həyat tərzimiz ilə bağlıdır. Amma ərəb mənşəli sözlər daha çox elmi terminologiyanı, fars mənşəli sözlər isə daha çox poetizmləri əks etdirir. Biz tarixi cəhətdən üç təfəkkür mədəniyyətini birləşdiririk və yaxud bunu birləşdirməyə məcburuq. Filosof Niyazi Mehdi bir ara çalışırdı ki, fəlsəfi, estetika terminlərini daha çox türk mənşəli sözlərlə ifadə etsin. Bu o demək deyil ki, Niyazi Mehdi dərhal buna nail olur. İlk növbədə bu o deməkdir ki, belə bir ehtiyac var. Yəni Azərbaycan ziyalısı ərəb, fars sözlərindən xilas olmağa çalışır. Amma bu sözlərdən xilas olmaq, demək olar ki, mümkün deyil. Elə ərəb-fars sözləri var ki, məsələn, kitab, məhəbbət, elm, sənaye, iqtisadiyyat, bunlardan "xilas olmaq" mümkün deyil, çünki bu sözlər artıq Azərbaycan dilinin milli xüsusiyyətlərini qəbul edib. Bu mənada dilimizin lüğət tərkibində müəyyən çoxetniklilik var və bu da təfəkkürümüzə ümumbəşərilik gətirir. Bu baxımdan bizim dilimiz digər türk dillərindən müqayisədə üstünlük qazanmış olur. Məsələnin paradoksallığı bundan ibarətdir. Alınma sözlər çoxdur, amma bu alınma sözlərin çoxu bizim təfəkkürümüzün zəifliyi kimi yox, inkişaf etməsi, ümumbəşəriliyi, universallığı kimi qiymətləndirilir. Bu, nəzərə alınmalıdır, çünki bu, bizim üçün mental xüsusiyyətdir, yalnız dil ilə bağlı deyil. Amma prinsipiallıqla, demək olar ki, Azərbaycan dili bu gün nə ərəb dilinin, nə də fars dilinin təsiri altındadır. Yəni bu təsir artıq mənimsənilib və yeni dövrdən başlayaraq bitib. Bu alınma sözlər bu gün bizim milli təfəkkürümüzün ixtiyarındadır. Ona görə də onları türk mənşəli sözlərə dəyişmək ya çox çətin, ya da lazımsız olur".
Bakı Dövlət Universiteti "Azərbaycan dilçiliyi" kafedrasının baş müəllimi Təranə İsmayılın fikrincə, alınma sözlərin istifadəsi, xüsusilə yeni anlayışlar və terminlər üçün zəruridir, lakin bu proses nəzarət altında olmalı və dilin orijinallığı qorunmalıdır: "Müasir dövrdə dünya sürətlə qloballaşır, texnologiya və elmin inkişafı isə yeni anlayışların və terminlərin meydana çıxmasına səbəb olur. Azərbaycan dilinin lüğət tərkibi bəzi yeni terminləri yaratmaq və ya xaricdən daxil olan texniki, elmi və mədəni anlayışları uyğunlaşdırmaq üçün bəzən kifayət etməyə bilər. Bu da bizi alınma sözlərdən istifadə məsələsinə gətirir. Dilə başqa dillərdən daxil olan alınma sözlər dilin inkişafında mühüm rol oynayır. Azərbaycan dili tarix boyu ərəb, fars, rus və türk dillərindən xeyli sayda söz qəbul edib. Bu sözlər dilin zənginləşməsinə və müəyyən fikirlərin daha dəqiq şəkildə ifadə olunmasına yol açıb. Müasir dövrdə isə əsasən ingilis dili dünya səviyyəsində elmi və texnoloji sahələrdə dominant dillərdən biri kimi çıxış edir. Kompüter, informasiya, biznes və digər sahələrlə bağlı terminlər əksər hallarda ingilis dilindən alınma yolu ilə dilimizə daxil olur. Alınma sözlər belə situasiyalarda dilin müasirliyini qorumağa və dünya ilə ayaqlaşmağa imkan yaradır. Ancaq bəzi hallarda Azərbaycan dilindəki artıq mövcud olan qarşılıqlar əvəzinə, alınma sözlərin istifadəsi daha çox yayılmağa başlayır. Bu tendensiya dilin orijinal imkanlarının arxa plana keçməsi və xalqın dilində yad elementlərin çoxalması ilə nəticələnə bilər. Ona görə də alınma sözlərə bəlli bir ehtiyac olmasına baxmayaraq, onların istifadəsi Azərbaycan dilinin zəngin və aydın söz bazasını qorumaq məqsədilə ciddi nəzarətdə saxlanılmalıdır. Dilçi mütəxəssislər bu məsələdə balans tapmalı və yeni anlayışların Azərbaycan dilində adekvat şəkildə qarşılanması üçün işləməlidirlər. Alınma sözlərdən tamamilə imtina etmək, xüsusilə qloballaşan dünyada qeyri-real olardı. Ancaq bu prosesin idarə olunması mümkündür. Məsələn, bəzi ölkələrdə olduğu kimi, dil komissiyaları yeni anlayışlara milli dillərdə uyğun qarşılıqlar tapmaq üçün xüsusi işlər aparır. Azərbaycan dilində də texniki və elmi sahələrdə yeni söz və terminlər yaradıla bilər. Milli terminologiyanın inkişafı dilin möhkəmlənməsinə və özlüyündə dünya ilə ayaqlaşmasına imkan verir. Məsələn, kompüter texnologiyaları sahəsində bir çox dillər öz milli terminlərini yaradıblar və istifadə edirlər. Eyni zamanda Azərbaycan dilində də bu prosesin sürətləndirilməsi mümkündür. Azərbaycanda da dilçi alim və mütəxəssislər texnoloji və elmi sahələrdə milli söz yaratmaq təcrübəsini inkişaf etdirməli və bunu ictimaiyyət arasında təbliğ etməlidirlər. Ana dilimizin lüğət tərkibi, əsasən, fikirlərimizi aydın ifadə etmək üçün kifayət qədər zəngindir. Lakin dünya ilə ayaqlaşmaq və yeni texnoloji və elmi sahələrdə mövqeyimizi gücləndirmək üçün alınma sözlərə də ehtiyac duyulur".
T.İsmayıl gündəlik həyatda vətəndaşların yad dillərdəki sözlərdən istifadə etmələrinə isə belə münasibət bildirib: "Azərbaycan dilində danışan əhalinin gündəlik ünsiyyət zamanı yad kəlmələrdən, xüsusilə rus sözlərindən geniş istifadə etmələri bir çox amillərlə bağlıdır. Bunun səbəbləri əsasən tarixi, sosial, mədəni və psixoloji faktorlarla izah edilə bilər. Sovet dövründə Azərbaycanda rəsmi dil rus dili olmasa da, Azərbaycan əhalisinin böyük bir hissəsi rus dilində təhsil almış və ya rus dili ilə təmasda olmuşdu. Bu dövrdə əksər rəsmi sənədlər, təhsil, elmi və texnoloji ədəbiyyat daha çox rus dilində yazılırdı, dövlət idarələrində və rəsmi məkanlarda rus dili geniş istifadə olunurdu. Bu, rus dilinin Azərbaycan əhalisinin həyatına dərin şəkildə nüfuz etməsinə səbəb oldu. Nəticədə, rus dili nəsillər boyu Azərbaycan dilinə dərindən nüfuz edib və müəyyən sözlər danışıq dilinə daxil olaraq istifadədə qalıb. Sovet dövründə təhsil sistemində rus dili mühüm rol oynayırdı və rus dilində təhsil almaq daha prestijli sayılırdı. Həmin dövrdə formalaşan rusdilli təbəqə indi də cəmiyyətdə mövcuddur və onların çoxu gündəlik ünsiyyətdə rus dilindən istifadə edir. Müasir dövrdə də bir çox ailələr övladlarını rusdilli məktəblərə göndərirlər və bu, rus dilinin gündəlik istifadə imkanlarını artırır. Bu cür ailələrdə uşaqların həm rus, həm də Azərbaycan dilində danışa bilməsi, xüsusilə böyük şəhərlərdə, adi haldır. Bundan əlavə, rus dilində yayımlanan televiziya kanalları, filmlər, kitablar və digər media resursları daha çox da yaşlı nəsil üçün hələ də cəlbedici qalır. İnformasiya resurslarına rus dilində asanlıqla çatmaq və rus mediasının təsiri, rus sözlərinin dilimizdə qalmasına kömək edir. Məsələn, çoxları rus filmlərindən və ya proqramlarından eşitdikləri sözləri gündəlik danışıqda tətbiq edirlər. Rus sözləri bəzən fikri daha tez və rahat şəkildə çatdırmaq üçün istifadə olunur, çünki onlar artıq uzun müddətdən bəri dilimizdə məskunlaşıb və bəzi ifadələrdə oturuşmuş hal alıb. Məsələn, "marşrutka" (mikroavtobus), "remont" (təmir), kimi sözlərdən istifadə etmək bəzən daha rahat gəlir, çünki bu sözlər gündəlik ünsiyyətdə çoxdan qəbul olunub. Bundan başqa, rus dili ilə çox təmasda olan insanlar, xüsusilə çoxdilli mühitlərdə böyüyənlər, beynində iki dili qarışdıraraq istifadə etməyə meyillidirlər. Bu proses vərdiş halını alır və insanın danışıq dilində tez-tez özünü göstərir. Rus dilindən istifadə bəzən sosial statusun göstəricisi kimi də qəbul edilir. Xüsusilə sovet dövründə rusdilli təbəqə prestijli hesab edilirdi və bu statusdan istifadə edənlər cəmiyyətin təhsilli və mədəniyyətli hissəsi kimi qəbul olunurdu. Bu, bəzən indiki dövrdə də özünü göstərir, çünki bəzi insanlar rus dilində danışmağı öz bilik və savad səviyyələrinin göstəricisi kimi görürlər. Rus dilində danışmaq və ya rus sözlərindən istifadə etmək bəzi dairələrdə "daha intellektual görünmək" istəyi ilə əlaqələndirilir. Amma bəzi insanlar üçün bu, prestij və rahatlıq məsələsi olsa da, digərləri üçün texniki və ya vərdiş əsasında yaranmış bir vəziyyətdir.
T.İsmayıl deyib ki, dilin zənginləşdirilməsi və alınma sözlərin qarşılığını tapmaqməqsədilə yeni doğma sözlər təklif edilməsi Azərbaycan dilində alınma sözlərin həddindənartıq istifadəsinə alternativ olaraq, milli terminologiyanın inkişafı məqsədi daşımalıdır. Lakin həmin sözlər ictimaiyyət tərəfindən qəbul olunmazsa, işlənərək yayılmazsa, deməli, yeni variantlar heç də uğurlu alınmayıb. Yeni sözlərin dilə daxil olması və geniş yayılması üçün cəmiyyət tərəfindən qəbul olunması vacibdir. Bir çox hallarda cəmiyyət dilin bu cür "süni zənginləşdirilmə"sinə ehtiyatla yanaşır, çünki yeni sözlər gündəlik danışıq dilinə təbii yolla daxil olmadıqda onlar yad və qeyri-adi səslənə bilər. İnsanlar, adətən, yeni sözləri istifadə edərkən onları anlaşılan, təbii və məntiqli hesab etməlidirlər. Əks halda, həmin sözlər dilə inteqrasiya edə bilmir. Əgər yeni sözlər insanların gündəlik həyatında istifadəyə başlamazsa, onlar sürətlə unudulur və qəbul olunmur. Azərbaycan dili struktur baxımından elastikliyə və zənginliyə malik olsa da, yeni terminlərin yaradılmasında uyğunluq və məna dərinliyi də mühüm rol oynayır. Yeni yaradılmış sözlər qısa, yığcam və anlaşıqlı olmadıqda, onların geniş yayılması çətin olur. Xüsusilə texnologiya və elmi sahələrdəki terminlər üçün qısa və praktik istifadəyə uyğun olan terminlərə ehtiyac var. Əgər yeni sözlər bu kriteriyalara cavab vermirsə, onlar qəbul edilmir. Yeni sözlərin qəbul edilməməsinin bir səbəbi də budur ki, qloballaşma prosesi dilin beynəlxalq arenada necə istifadə edildiyini müəyyənləşdirir. Dünya ilə ayaqlaşmaq və texnoloji, elmi yenilikləri izləmək istəyən insanlar üçün bu qlobal terminologiyaları saxlamaq daha praktik və rahat olur".
Bəzən nitqdə və yaxud yazıda dilə ağırlıq edən sözlərlə rastlaşırıq. Bu barədə danışan T.İsmayıl bildirib ki, belə sözlər ya məna baxımından artıqdır, ya da dilin sadəliyini pozaraq fikrin aydın ifadə edilməsinə mane olur: "Bu cür sözlərin yaranmasının səbəbləri müxtəlif ola bilər: tarixi təsirlər, xarici dillərin təsiri, arxaikləşmiş ifadələrin istifadəsi və ya sadəcə gündəlik ünsiyyətdə yaranmış vərdişlər. Dilimizdə çox vaxt mənasına görə bir-birini təkrarlayan sözlərdən istifadə edilir ki, bu da dilin yersiz mürəkkəbləşməsinə və nitqin dolğunluğuna zərbə vurur. Bu cür sözlərin istifadəsi mənaya heç bir yeni element qatmır, əksinə, dilə ağırlıq gətirir. Məsələn: "Əvvəlcədən xəbərdarlıq". Burada "Xəbərdarlıq" sözü özü qabaqcadan məlumat vermək anlamını daşıyır, ona görə də "əvvəlcədən" sözü artıq olur. Düzgün formada sadəcə "xəbərdarlıq" demək kifayətdir. Yaxud: "Ən ali zirvə". "Zirvə" sözü artıq yüksək və üst səviyyəni bildirir, ona görə "ən ali" əlavə etmək artıqdır. "Ali" və "zirvə" bir yerdə istifadəsi lazımsız təkrar yaratmış olur. "Tamamilə dolu" ifadəsinə baxaq. "Dolu" sözü mənanı tam ifadə edir, buna görə də "tamamilə" artıq olur. Bu cür pleonazmlar nitqi uzadır və fikrin aydın ifadəsinə mane olur. Onlardan qaçmaq həm nitqi sadələşdirir, həm də fikrin dəqiq və aydın çatdırılmasına kömək edir. Bəzən nitqdə arxaikləşmiş, yəni köhnəlmiş sözlərə rast gəlmək olur ki, bu da dilin müasir ritmini pozur və nitqi lazımsız yükləyir. Bu sözlər tarixən işlədilmiş ola bilər, lakin müasir dövrdə onların istifadəsi gərəksizdir və əvəzinə daha müasir sözlərdən istifadə etmək mümkündür. Məsələn: "Məhəbbət". Məlumdur ki, "Sevgi" sözü artıq geniş yayılıb və daha təbii səslənir. "Məhəbbət" sözü isə artıq arxaik və şeirləşmiş, poetik bir mənaya malikdir. Azərbaycan dilində bəzi hallarda eyni məna daşıyan sözlərin fərqli dillərdən alındığını görürük. Belə sözlər arasında seçilmə prosesi hələ tam başa çatmayıb və çox zaman paralel şəkildə istifadə edilir ki, bu da dilin ağırlığına səbəb olur. Məsələn: "Doktor/həkim". Hər iki söz eyni mənanı ifadə etsə də, müxtəlif dillərdən gəldikləri üçün bəzən paralel şəkildə işlədilir. Halbuki birini seçərək digəri üzərində israr etməmək daha məqsədəuyğundur".
Ləman İLKİN