|
|
|
|

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Malayziyadan görünən Şuşa” adlı layihə həyata keçirib.
525.az xəbər verir ki, İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçirilən layihə çərçivəsində bu ilin iyun ayında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində Şuşa mədəniyyəti günləri təşkil olunub.
Azərbaycan rəssamlarının Qarabağ və Şuşa mövzusunda çəkdiyi rəsmlərdən ibarət sərgi keçirilib, Şuşanın tarixi barədə bədii-sənədli film nümayiş olunub, eyni zamanda Qarabağ musiqisinin sədaları altında Şuşa mətbəxinin nümunələri təqdim edilib.
Layihə Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi, Kuala Lumpur Şəhər İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə reallaşıb.
İctimai birlik Kuala Lumpurda keçirilən tədbirlər haqqında “Malayziyadan görünən Şuşa” adlı sənədli film hazırlayıb.
Bütün bunlar barədə Nizami Kino Mərkəzində filmin təqdimatına, həmçinin “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş mərasimdə söhbət açılıb.
İctimai birliyin sədri Şəhla Nağıyeva təşkilatın 20 illik fəaliyyəti barədə yığcam məlumat verib. Sonra ictimai birliyin gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra “Malayziyadan görünən Şuşa” filmi tamaşaçılara təqdim edilib.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü, millət vəkili Azər Allahverənov tədbirdə çıxış edərək, ictimai birliyin 20 illik fəaliyyətindən və təqdim olunan filmin əhəmiyyətindən danışıb.
Layihənin iştirakçısı və Kuala Lumpurda Şuşa təamlarını təqdim etmiş Şuşa sakini Aybəniz İsmayılova Malayziyada keçirilən tədbirlər haqqında təəssüratlarını bölüşüb.
Axırda layihənin reallaşmasında iştirak edən rəssamlara və “Malayziyadan görünən Şuşa” filminin yaradıcı heyətinə ictimai birliyin təşəkkür sertifikatları təqdim olunub. Sertifikatları Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və millət vəkili Azər Allahverənov təqdim ediblər.








