|
|
|
|

Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı kollektivi Türkiyədəki ənənəvi beynəlxalq festivala qatılıb. Avrasiya Teatrlar Birliyinin və İstanbulun Maltəpə Bələdiyyəsinin birgə keçirdiyi festivala Azərbaycan, İtaliya, İspaniya, Rumıniya, Serbiya, Portuqaliya, Özbəkistan, Qazaxıstan, Kipr və Ukraynanın dövlət teatrları dəvət alıblar. Gəncə teatrı da böyük türk yazıçısı Əziz Nesinin “Toros canavarı” eyniadlı pyesini təqdim edəcək.
Bu məlumatları Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib və qeyd edib ki, tam bir aylıq bu teatr bayramı noyabrın 1-də yekunlaşacaq.
O, həmçinin türkiyəli sənətçilərlə əlaqələrin get-gedə genişləndiyini də söyləyib.
Bu xüsusda qeyd edək ki, Beynəlxalq Teatr Festivalında Gəncə Dövlət Milli Dram Teatrının yaradıcı versiyası əsasında hazırlanan “Toros canavarı”nın quruluşuna, İstanbulun Maltəpə teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikara, eləcə də Birliyin Azərbaycan təmsilçisi, gəncəli rejissor Yusif Cəfərov öz ştrixlərini vurublar. Tamaşaya rəssam Mustafa Mustafayev tərtibat verib.
Təkrarolunmaz satira ustası Əziz Nesinin yaratdığı personajları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, eləcə də Günay Cabbarova, Samir Abbasov, və digər aktyorlar canlandırıblar.

Zakir Muradov, Gəncə



