|
|
|
|

Rusiya və Çin BRICS çərçivəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsində eyni dərəcədə maraqlıdırlar və qlobal idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi maraqları naminə qurumun nüfuzunu gücləndirməyə çalışırlar.
525.az xəbər verir ki, bu barədə BRICS-in Kazan sammiti ərəfəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“BRICS-də qarşılıqlı fəaliyyətin daha da inkişafı məsələlərində Rusiya və Çin eyni istiqamətə baxır, biz qlobal idarəetmənin əsas mexanizmlərindən biri kimi assosiasiyanın nüfuzunu gücləndirmək üçün Pekinlə birgə ardıcıl iş aparmağa yönəlmişik”, - o bildirib.
Nazir müavini deyib ki, əsas vəzifələrdən birini inkişaf etməkdə olan dövlətlərin və inkişaf etməkdə olan bazarlara malik ölkələrin qlobal idarəetmə institutlarında rolunu artırmaqda görürük: “Biz, BRICS plus/outreach formatı daxil olmaqla, bu işə inkişaf etməkdə olan ölkələrin nümayəndələri arasından həmfikirlərin cəlb edilməsinin zəruriliyi ilə bağlı yekdil fikirdəyik”.
S.Ryabkov əlavə edib ki, Çin və digər BRICS üzvü olan dövlətlərdən olan tərəfdaşlarla birlikdə beynəlxalq hüquqa əsaslanan bərabər və çoxqütblü sistemin formalaşmasını müdafiə edirik: “Biz qlobal qərarların qəbulunda inkişaf etməkdə olan ölkələrin rolunu artırmaq üçün ÜTT, BVF, Dünya Bankı və digər müvafiq təşkilatlarda islahatların aparılması zərurətindən çıxış edirik”.
XİN rəsmisi xatırladıb ki, 2024-cü ildə Rusiya BRICS-ə sədrlik edəcək. Bu günə kimi 30-dan çox ölkə müxtəlif formalarda birliklə əməkdaşlıq mexanizminə qoşulmağa hazır olduğunu bildirib.
Pərvanə Sultanova



