|
|
|
|

Boliviya prezidenti Luis Arce magistral yollarda barrikada quran keçmiş prezident Evo Morales tərəfdarlarını tənqid edib.
525.az xarici KİV-ə istinadən bildirir ki, ölkənin inzibati paytaxtı La Paz şəhər meriyası qarşısında açıqlama verən Arce adını çəkmədən Moralesi hədəf alıb.
Fəalların "pis niyyətli" olduğunu ifadə edən Arce: "Boliviyalıların sabitliyinə hörmət edilməsini təmin edəcəyik. Onlar (Morales) üzləşmələri lazım olan cinayətlərdən qorunmaq üçün ölkəni yandırmağa çalışırlar və biz isə buna icazə verməyəcəyik", - deyib.
Magistral yolları qapalı tutmaq istəyən nümayişçilər ilə polis arasında çıxan toqquşmada 6 nəfər saxlanılıb.
Boliviya Avtomobil Yolları Administrasiyasının (ABC) məlumatına görə, nümayişçilər indiyədək Koçabamba, Santa Kruz və Tariya şəhərlərində 14 yolu bağlayıblar.
Qeyd edək ki, prokurorluq ifadə vermək üçün "zorlama, insan alveri və qaçaqmalçılıq"da ittiham etdiyi Morales haqqında həbs qərarı çıxarıb.
Malik Atilay



