Noyabrın 9-da 33-cü Beynəlxalq İstanbul Kitab Sərgisi çərçivəsində azərbaycanlı yazıçı Şəmil Sadiqin "Odərlər" romanının imza mərasimi keçirilib.
Türkiyənin İstanbul şəhərində təşkil edilən mərasim Azərbaycan stendində yer alan Hədəf Nəşrlərinin bölməsində yer alıb.
Qeyd edək ki, yazıçı Şəmil Sadiqin "Odərlər" romanı Türkiyədə "2023 Yayınları" tərəfindən türk dilində nəşr olunub. İlk dəfə "XAN" Çağdaş Azərbaycan ədəbiyyatı layihəsi çərçivəsində Azərbaycan dilində işıq üzü görən bu əsər müəllifin "Qana qan qarışdı", "Bu türk daha o türk deyil" dram və şeirlər kitabı, Müşfiq Xan ilə həmmüəllifi olduğu "Ümidlərin izi ilə" romanından sonra sayca dördüncü yaradıcılıq məhsuludur. Kitaba görkəmli Azərbaycan yazıçısı İsa Muğanna və türkiyəli yazıçı Orhan Aras "Ön söz" yazıblar. Əsəri türkcəyə uyğunlaşdıran Ruslan Rəhimovdur.
Mərasimdə YapıKredi Kültür Sanat Yayınçılığın redaktoru Sabri Köz, yazar, şair Mühsin Durucan, İstanbul Şəhər Universitetinin dosenti Vüqar İmanbəyli, "2023 Yayınçılıq"ın təsisçisi Suat Turqut, Dünya Akupunktur Dernekleri Federasyonu Türkiyə təmsilçisi, professor Nimetullah Reşidi, ATUVA danışmanı Bülent Becan, İstanbul Tədarük Bölgə Başkanı Kənan Yakşı, Convekta LTD Türkiyə təmsilçisi Dimes Hak (Müşfiq Məmmədli), Sedir Yayın qrupu Genel müdiri Yunus Erdem, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Faiq Xudanlı, İstanbuldakı diplomatlarımız Nuru Quliyev, Esmira Hüseynova, Türkiyədə yaşayan Türkiyə yerli və əcnəbi media qurumlarının muxbiri və şərhçisi Mayıs Əlizadə, AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri Sabir Şahtaxtlı, yazar Aygün Həsənoğlu və digər alim və ziyalılar, eləcə də tələbələr, məktəblilər və kitabsevərlər iştirak ediblər.
"Hədəf Nəşrləri"nin direktoru Müşfiq Xanın verdiyi məlumata görə, qurumun indiyədək müxtəlif beynəlxalq sərgilərdə iştirak etsə də, İstanbulda keçirilən bu sərgidə ilk dəfə təmsil olunub. Nəşriyyatın və imza mərasiminin təşkilatçılarının tədbir üçün 9 noyabr tarixini seçməsi təsadüfi deyil. Kitabın ideyasında, işğal altında olan Şuşa şəhərinə üçrəngli bayraq sancmaq dayandığına görə mərasim üçün məhz Bayraq günü seçilib. Stendə baxan hər kəsə Azərbaycan və bayrağımız haqqında məlumat verilərək, bayraq və kitablar hədiyyə edilib.
Ağahüseyn ŞÜKÜROV