7 dekabr 2024-cü il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
525.az xəbər verir ki, giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış etmişdir. Muzeyin şöbə müdiri Xanımbacı Abdinova Elmira Səfərovanın həyat və yaradıcılıq yolu haqqında danışıb.
Daha sonra Elmira Səfərovanın tələbələri adından musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Elnarə Kəbirlinskaya, Azərbaycan yazıçısı, publisisti və jurnalisti, Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı Elmira Səfərovanın yorulmaz pedaqoji fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər. Onların çıxışı Elmira Səfərovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları, Əməkdar müəllim Siala Sinamdzqvarişvili və Əməkdar artist Elnarə Kəbirlinskayanın tələbələri Nərmin Hüseynova, Flora Umudova, Fatimə Vəliyeva, Rəşad Ağayev, Səmra Həsənli, Faida Hüseynova, İlqarə Talıbova, Jalə Mailova, Fidan Yunus və Aysel Məmmədovanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.