Cənubi Koreyanın hakim “Vətəndaş Gücü” Partiyasının lideri Han Donq Hun bildirib ki, o və Baş nazir Han Dok Su ölkə prezidenti Yun Sok Yölün vaxtından əvvəl və nizamlı şəkildə hakimiyyətdən getməsi ilə əlaqədar xaosu minimuma endirəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Prezidentin vaxtından əvvəl və nizam-intizamla getməsi ilə xalqa və ölkəyə təsir edə biləcək xaosu minimuma endirəcək, siyasi vəziyyəti sabitləşdirəcək və demokratiyanı bərpa edəcəyik”, - Han Donq Hun bildirib.
Han Donq Hun qeyd edib ki, vətəndaşların fikrincə, prezident Yun Sok Yöl səlahiyyət müddətinin qalan hissəsində ölkəni lazımi şəkildə idarə edə bilməyəcək və istefa verməlidir.