Fransa Çad ilə hərbi əməkdaşlıq haqqında razılaşma pozulduqdan sonra bu ölkədən ordu hissələrini geri çəkməyə başlayıb.
525.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Birinci mərhələ çərçivəsində "Mirage" qırıcıları Çadın paytaxtı Ncamenadan Fransanın şərqindəki əraziyə doğru yollanıb.
Paris bəyan edib ki, geri çəkilmənin dəqiq şərtləri hələ razılaşdırılmayıb. Məlumata görə, Fransa Silahlı Qüvvələrinin minə yaxın əsgəri Çadda qalır və onların fəaliyyətinin tam dayandırılması bir neçə həftə çəkəcək.
Agentlik yazır ki, Çad hakimiyyətinin Fransa ilə müqaviləni ləğv etmək qərarı Paris üçün gözlənilməz olub və bu, Fransanın Sahel bölgəsində onilliklər boyu davam edən hərbi varlığının sona çatdığını göstərir.
Bundan əvvəl, noyabrın 28-də Çad Xarici İşlər Nazirliyi respublikanın 2019-cu ildən Fransa ilə yenidən işlənmiş müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv etdiyini açıqlayıb. Bəyanatda Çadın 66 illik müstəqillikdən sonra öz suverenliyini tam təsdiq etmək və strateji tərəfdaşlıqlara yenidən baxmaq istədiyi vurğulanıb.
Pərvanə Sultanova