ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu andiçmə mərasiminə - 2025-ci il yanvarın 20-nə kimi Qəzza zolağında döyüşləri dayandırmağa çağırıb.
525.az xəbər verir ki, bu barədə “Time” jurnalı yazıb.
Bildirilir ki, Tramp fikrini telefon danışığı zamanı bildirib.
ABŞ-nin yeni seçilmiş prezidenti İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasındakı silahlı qarşıdurmaya toxunaraq, "O bilir ki, mən bunun bitməsini istəyirəm" deyib.
Tramp həmçinin qan tökülməsini istəmədiyini vurğulayıb və Yaxın Şərq münaqişəsinin müsbət nəticələnəcəyinə əminliyini bildirib.
Bununla belə, jurnal yazır ki, Trampın andiçmə gününə qədər Qəzzada hərbi əməliyyatların sona çatması çox çətin görünür.
Qeyd olunur ki, İsrail və ABŞ-da çoxları Netanyahunun istefasına səbəb ola biləcək növbədənkənar seçkilərin qarşısını almaq üçün münaqişəni qəsdən uzatmasından şübhələnir. Tramp da öz növbəsində İsrailin Baş nazirinə etimadla bağlı sualı cavablandırarkən heç kimə güvənmədiyini vurğulayıb.
Əlavə edək ki, “Time” jurnalı Donald Trampı “İlin adamı” elan edib.
İbrahim Cəfərov