
Parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Cənubi Koreya prezidenti Yun Sok-Yol qiyam işi üzrə Korrupsiyaya Qarşı Mübarizə Departamentinin dindirilməsinə gəlməyib.
525.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilir ki, Yun Sok-Yol yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05:00) Qvaçeondakı hökumət kompleksinə gəlməli idi.
Daha əvvəl istintaq qrupu prezident administrasiyasına və onun iqamətgahına dindirilmək üçün çağırış vərəqələri təqdim etməyə çalışıb və tələbini poçtla göndərib. Lakin Prezident Katibliyi və təhlükəsizlik xidməti bunun onların səlahiyyətlərinə aid olmadığını bildirərək çağırış vərəqələrini qəbul etməkdən imtina edib.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi O Don Un isə bildirib ki, qarşı tərəf çağırış vərəqələrini qəsdən qəbul etməyib və hüquq-mühafizə orqanları bununla bağlı qanuna uyğun tədbir görəcək.
Xatırladaq ki, Yun Sok Yol hərbi vəziyyət elan edərək qiyama təhrikdə ittiham olunur.
İbrahim Cəfərov



