|
|
|
|

"Hazırda Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqının artırılması barədə qərar layihəsi müvafiq qurumlarda razılaşdırma mərhələsindədir".
Bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisdə (MM) deputatların suallarını cavablandırarkən deyib. Nazir bu layihənin qısa müddət ərzində razılaşdırılacağına ümid etdiyini bildirib:
"Burada məqsəd sınaq qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarının mərhələli şəkildə artırılması barədə konkret qərarın verilməsidir. Ümid edirik ki, yaxın zamanlarda biz buna nail ola biləcəyik".
M.Cabbarov qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak edən müəllimlərin xüsusi kurslar vasitəsilə təkmilləşdirilməsi imkanları yaradılıb:
"Yalnız bundan sonra attestasiya həyata keçiriləcək. Burada biz sosial yanaşmaya üstünlük verdik. Bir sıra, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə birbaşa attestasiya keçirildi. Ancaq biz dövlətin sosial siyasətini nəzərə alaraq, hər hansı müəllimi attestasiyaya dəvət etməmişdən əvvəl öz tərəfimizdən bütün lazımi şəraiti yaratmalıyıq ki, müəllimlərin təkmilləşdirilməsi müvafiq zəif yerləri bilərək həyata keçirilsin".
Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü ilin sonunda qəbul etdiyi müvafiq qərara əsasən, müəllimlərin maksimal dərs yükü 3 stavkaya və yaxud 36 dərs saatına bərabər ola bilər. Müəllimlərin maksimal dərs saatının 24 saat olması barədə hər hansı bir məhdudiyyət yoxdur:
"Bu, köhnə qayda idi. Yeni qayda artıq tətbiq olunur. Əməkhaqqının ödənişinə gəldikdə, 12 saat olan stavka üçün minimal əməkhaqqı 155 manat, maksimal əmək haqqı 207 manatdır".
M.Cabbarov deyib ki, NK tərəfindən verilən 15 avqust 2014-cü il tarixli qərara əsasən, rayon və kəndlərdəki orta məktəblərdə vakant müəllim ştatlarının azaldılması məqsədilə gənc müəllimlərin həvəsləndirilməsi üçün ödənilən vəsaitlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb:
"Biz artıq nəticələri görürük. Nəticələr isə ondan ibarətdir ki, rayon və kənd məktəblərində vakant müəllim ştatlarının sayı 3 faizdən 0,78 faizə faizə enib".Nazir sonra bildirib ki, təhsil sektorunda 151 min müəllim faliyyət göstərir. Yeni müəllimlərin bu peşəyə gətirilməsi üçün bir sıra həvəsləndirici layihələr həyata keçirilir: "Sevindirici haldır ki, son illər müəllimlik ixtisasına daxil olanların qəbul ballarının artırılması müəllim nüfuzunun qaldırılması yönündə öz müsbət nəticələrini verməkdədir. Biz eyni zamanda Müdafiə Nazirliyi ilə birlikdə işlər həyata keçiririk. Sərhədyanı bölgələrdə əsgərlərlə görüşlər həyata keçiririk. Müdafiə Sənayesi Nazirliyi ilə birlikdə həyata keçirdiyimiz işlərin böyük əhəmiyyəti var. Çalışırıq ki, məhz Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi vasitələrlə fənn kabinetlərini təmin edək. Daha 50 məktəbdə hərbi hazırlıq kabineti həmin vasitələrlə təmin olunacaq".
Peşə təhsilinə gəlincə isə nazir deyib ki, hazırda Dünya Bankı ilə bir layihə üzərində danışıqlar aparılır:
"Ümid edirəm ki, layihənin müsbət həllinə nail olacağıq. Üzü qalın qabıqlı kitabların çap olunması ilə bağlı deyilənlərlə də razılaşmıram. Məsələn, 6-7-ci siniflərin şagirdləri artıq öz dərslərini elektron resurslardan istifadə edərək oxuya bilərlər".
Kamil HƏMZƏOĞLU



