|
|
|
|

Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi verib. Müsahibədə dövlət başçısı bir sıra mühüm mövzulara toxunub. Həmin mövzular içində Çinlə münasibətlər, Azərbaycanın şaxələnmiş xarici siyasəti, Orta dəhliz və digər istiqamətlər xüsusi aktuallıq kəsb edir. Azərbaycan - Çin münasibətləri qədim tarixə malikdir. Bu gün də hər iki ölkə əməkdaşlığın daha da inkişafında, irəliyə aparılmasında maraqlıdır. Ötən il Azərbaycan - Çin münasibətlərində xüsusi bir il oldu. Belə ki, iki ölkə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı.
Prezident İlham Əliyev müsahibəsində bu məqama toxunaraq deyib: "Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq".
Azərbaycanın şaxələnmiş xarici siyasətinə diqqət çəkən Prezident ölkəmizin Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq bəyannaməsi imzaladığını söyləyib: "Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalamışıq. Şaxələnmiş bu xarici siyasət istiqaməti, sadəcə, siyasətə deyil, mahiyyətə əsaslanır. Hər bir sahədə bizim əməli nəticələrimiz, əməkdaşlıq proqramlarımız var. Digər ölkələr kimi bizim də xarici siyasətimiz, sadəcə olaraq, daxili siyasətimizin davamıdır. Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir".
Çin və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyi dəstəkləyib. Azərbaycan "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyir, Tayvanı Çinin ərazisi olaraq tanıyır.
Orta Dəhlizin əhəmiyyətinə toxunan dövlət başçısı deyib ki, bu, sözsüz ki, alternativ təklif edir, biznes imkanlar təmin edir: "Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır".
Prezident bildirib ki, ötən müddət ərzində Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib: "Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək".
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib. Onların ölkəmizə səfərləri üçün elektron vizaya da ehtiyac yoxdur. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq: "Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq. İndi biz rəsmi diplomatik kanallardan istifadə edirik - siyasi, iqtisadi, ticari, investisiya, bağlantı. Lakin ictimai diplomatiya buna çoxlu töhfə verəcəkdir".



