|
|
|
|

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təqdimatı keçirilib.
Fondun nümayəndə heyətinin və Universitetin professor-müəllim və tələbələrinin iştirak etdiyi təqdimatda Bilik Fondunun keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş olunub.
Fondun İnformasiya təminatı sektorunun məsləhətçisi Sərxanbəy Xuduyev iştirakçıları Bilik Fondunun fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, layihələri, gələcək planları və idarə heyətinin təşkili barədə məlumatlandırıb. Fondun İnformasiya Təminatı sektorunun müdiri Xatirə Hüseynova Universitetin tələbələrini fondun dəstəyilə keçirilən bir sıra yarışmalarda fəal iştiraka çağırıb.
Fondun icraçı direktoru Oqtay Səmədov isə cəmiyyətin ən fəal təbəqəsi olan tələbə gənclərin bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsinin Bilik Fondunun əsas missiyası olduğunu vurğulayıb və gəncləri müxtəlif növ tədbirlərə könüllülər qismində cəlb olunmağa çağırıb.
Qeyd edək ki, Bilik Fondu Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli fərmanı ilə ölkə əhalisinin maairfləndirilməsi, dövlətimizin daxili və xarici siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətinin ictimaiyyətə çatdırılması, milli-mənəvi dəyərlərin təbliği məqsədilə yaradılıb.
Daha sonra Oqtay Səmədov iştirakçıların suallarını cavablandırıb. Təqdimatın sonunda Fondun Universitetin tələbə-müəllim heyətilə əməkdaşlıq məsələləri müzakirə edilib.



