Bu gün Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun üçüncü raundu keçirilib.
525.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov, Aİ-yə isə enerji məsələləri üzrə Avropa komissarı Dan Yorgensen rəhbərlik edib.
İclasda Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu (DG ENER), Avropa İnvestisiya Bankı (AIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), həmçinin “CESI” şirkəti təmsil olunub.
Qeyd edək ki, görüşdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın nəticələri və gələcək inkişaf, təmiz enerjiyə keçid məsələləri, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan emissiyaları sahəsində siyasət müzakirə olunub. Görüşdə həmçinin enerji tərəfdaşlığının Cənub Qaz Dəhlizi və enerji keçidi prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanın qaz hasilatı və ixrac perspektivləri, Aİ-nin qaz təchizatı ilə bağlı mövcud vəziyyəti və EBRD-nin enerji sektoru ilə bağlı strategiyası çərçivəsində qaz nəqli infrastrukturunun maliyyələşdirilməsi imkanları nəzərdən keçirilib.