|
|
|
|

Ötən gün Xəzər Universitetində media nümayəndələrini iştirakı ilə "Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri" mövzusunda mətbuat konfransı keçirilib. Konfransı Xəzər Universitetin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı açaraq öncə təhsilin vacibliyindən, eləcə də ali təhsil müəssisələrinin, təşkilatların media ilə əlaqələrinin səmərəli təşkilinin faydasından danışıb: "Təhsil geniş və mürəkkəb sahədir. Müasir dünyada yaxşı ali məktəb elmi tədqiqat gücü, maddi-texniki bazası, kadr potensialı və keyfiyyətli təhsil verməsi ilə tanınır. Müasir dünyada ali məktəb də müasir, modern olmalı, yeni inkişaf meyllərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməli, yeri olmalıdır. Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünyanın digər ali təhsil və elm ocaqları, böyük şirkətlər və dünya mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır. Əvvəllər ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin müasirləşməsi çox yavaş getdiyi üçün onlar beynəlxalq aləmdə az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan güc sıralanmasında, yəni, reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri, demək olar ki, görünmürdü.
Son illərdə nüfuzlu beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycan universitetlərinin yer alması ölkəmizdə ali təhsil sahəsində inkişafın və ciddi uğurların göstəricisidir
Lakin müxtəlif kütləvi informasiya vasitələrində - saytlarda, qəzetlərdə və digər KİV-də bu haqda verilən məlumatlarda qeyri-dəqiq fikir, şərh və təhlillər yer alır, ali məktəblərin reytinq cədvəllərindəki yerləri yanlış göstərilir. Bəzi nüfuzlu təşkilatların reytinq cədvəlləri isə ümumiyyətlə diqqətdən kənarda qalır, bu haqda ictimaiyyətə məlumat çatdırılmır.
Ali təhsil müəssisələrinin, universitetlərin mətbuatla, media resursları ilə əlaqələrinin səmərəli təşkilinin həm həmin təşkilata, həm də cəmiyyətə faydası böyükdür. Çünki bu zaman ali təhsil ocağı öz uğurları, irəliləyişləri, nəticələri barəsində ictimaiyyətə məlumat verir, cəmiyyət isə bu informasiyalardan xəbərdar olaraq universitetlərin potensialı haqqında əyani təsəvvürə malik olur. Hər sahədə olduğu kimi təhsildə də məlumatların dəqiq, doğru çatdırılmasının böyük əhəmiyyəti var. Xəzər Universiteti həmişə media ilə dost olub. Nə zaman bizə mətbuatdan müraciət olunsa, zamanında cavab vermişik".
Rektor Azərbaycan ali məktəblərinin, xüsusən, Xəzər Universitetinin son dövrlərdə nüfuzlu beynəlxalq təşkilatların reytinq cədvəllərində tutduğu mövqe barəsində ətraflı məlumat verib: "Dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi sahəsində tanınmış təşkilatlardan biri də "QS" təşkilatıdır.
"QS" təşkilatı 2014-cü il dekabr ayının 17-də özünün böyük maraq kəsb edən yeni reytinq cədvəlini açıqlayıb. Bu dəfə "QS" təşkilatı ilk dəfə olaraq Şərqi Avropa, Keçmiş Sovet ölkələri və Türkiyə daxil olmaqla dünyanın çox böyük regionunun 100 ən yaxşı ali məktəbini elan edib. Bu reytinq cədvəlində Azərbaycandan yalnız 3 ali məktəb yer alıb.
Xəzər Universiteti 39.6 balla 100 ən yaxşı ali məktəb arasında 71-ci yerdə qərarlaşıb
Bakı Dövlət universiteti 39.4 balla Çexiyanın Palacky-Olomous universiteti ilə 72-73-cü yerləri bölüşdürülüb. Qafqaz Universiteti isə 38.5 balla 75-ci yerdədir. "QS" reytinq cədvəli universitetlərin dünyada nüfuzu (30%), məzunların nüfuzlu təşkilatlarda işlə təmin olunması (20%), müəllim - tələbə nisbəti (15%), xarici müəllimlər (2,5 %), xarici tələbələr (2,5 %), Ph.D dərəcəsi olan müəllimlər (5%), elmi məqalələrin sayı (10 %), məqalələrə edilən istinadlar (5%), universitet saytlarının gücü (10%) kimi meyarlara görə formalaşdırılır. Onu da qeyd edək ki, xarici mütəxəssislərin işə cəlb edilməsi indikatoru üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır. Universitetə ən istedadlı, bacarıqlı, peşəkar mütəxəssisləri cəlb etməyə çalışırıq. Bu proses davamlı şəkildə aparılır.
Hazırda Xəzər Universitetində ABŞ, Yeni Zelandiya, Avstraliya, Hindistan, İran və digər ölkələrdən nüfuzlu mütəxəssislər çalışır
H. İsaxanlı dünyanın nüfuzlu təşkilatlardan olan EDUNİVERSAL və WEBOMETRİKS-in Xəzər Universiteti ilə bağlı reytinq nəticələrini də açıqlayıb: "Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biri də EDUNIVERSAL Beynəlxalq Elmi Cəmiyyətidir. Bu təşkilat hər il dünyada 12000-dən çox magistr proqramlarını tədqiq edir, qiymətləndirir və "Ən Yaxşı Magistr Proqramları"nı elan edir. Bu qiymətləndirmə perspektivli tələbələrə daha yaxşı seçim imkanı verir. 2014-cü il dekabr ayının 24-də EDUNIVERSAL 2014- 2015-ci il üçün "Ən Yaxşı Magistr Proqramları" (Eduniversal Best Masters) reytinq cədvəli açıqlanıb. Bu dəfə EDUNIVERSAL dünyanı 9 əsas məkana ayırıb və hər məkan üçün ayrı reytinq araşdırması aparıb. İqtisadiyyat və Biznesin idarə edilməsi sahəsində müxtəlif ixtisaslar üzrə magistr proqramları araşdırılıb, nəticədə Xəzər Universitetinin Menecment, İqtisadiyyat, Mühasibat uçotu və audit ixtisasları üzrə MBA proqramları Avrasiya və Yaxın Şərq bölgəsinin ən yaxşı 10 (on) magistr proqramı siyahısında yer alıb: Menecment - 9-cu yer, İqtisadiyyat - 9-cu yer, Mühasibat uçotu və audit - 10-cu yer. Azərbaycandan digər bir ali təhsil ocağı -Qafqaz Universitetinin Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr proqramı da 200 "Ən Yaxşı Magistr Proqramları" sırasındadır.
Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsi 2007-ci ildən bəri iqtisadiyyat və biznesin idarə olunması üzrə ixtisas hazırlığı sahəsində dünyanın ən yaxşıları arasında yer almış, bu sıralamada 7 dəfə yüksək yer tutub. Son reytinq cədvəllərində Xəzər Universitetinin dünyanın ən nüfuzlu ali məktəbləri ailəsinə daxil olduğunu nümayiş etdirir.
WEBOMETRİKS təşkilatının Yüksək Liqasında Xəzər Universiteti böyük siyahıda 5836-cı yerdədir
Bu siyahıda Qafqaz Universiteti 6923-cü, Bakı Dövlət Universiteti 7238-ci, Azərbaycan Diplomatiya Akademiyası isə 8376-cı yerdə qərarlaşıb".
Universitetin layihələri haqqında məlumat verən rektor hazırda 15 beynəlxalq layihədə iştirakından söz açıb, gələcəkdə bu rəqəmin daha da artacağını istisna etməyib.
H.İsaxanlı rəhbərlik etdiyi ali təhsil müəssisəsinin maliyyə resursları barəsində danışarkən bu sahədə daha çox beynəlxalq layihələrin rol oynadığını vurğulayıb: "Beynəlxalq layihələrdə iştirakımız bizə bəzən 700 min manat qiyməti olan avadanlığı ödənişsiz əldə etmək imkanı yaradır.
Tələbələrin təhsil haqqı son qəpiyinəcən Universitetin inkişafına sərf olunur
Bizim Universitetdə bir sıra fakültələr xüsusilə öndədir. Məsələn, Xəzər Universitetinin sərmayəsinin yarıdan çoxu Mühəndislik fakültəsinə yatırılır. Bu fakültədə çox istedadlı tələbə və müəllim heyəti var. Fakültənin dekanı ABŞ-dan dəvət olunmuş mütəxəssisdir. Onlar hal- hazırda mühüm kəşflər üzərində iş aparırlar. İnanıram ki, yaxın gələcəkdə onlar önəmli ixtiralarla bizi sevindirəcəklər. Günəş enerjisi ilə yeriyən maşınla bağlı ciddi bir layihə üzərində hazırda iş gedir. Eləcə də robot texnikası, alternativ enerji mənbələri, yalnız Xəzər Universitetinin adı ilə bağlı kompüter proqramlarının hazırlanması da mühüm layihələrimizdəndir. Müasir dünya standartlarına cavab verən laboratoriyalar qururuq. Məzunlarımız dünyanın nüfuzlu şirkətlərində işlə təmin olunur. BP şirkəti ilə geniş əməkdaşlığımızı qeyd edə bilərəm. Bunu da vurğulayım ki, əgər məzunumuz bizdən diplom alıbsa, deməli, mütləq şəkildə oxuyub alıb, başqa cür ola bilməz. Məhz buna görə xarici şirkətlər bizim məzunlarımıza daha çox üstünlük verirlər. Əlbəttə, arzuolunandır ki, nüfuzlu şirkətlərlə, zəngin insanlarla əməkdaşlığımız daha da genişlənsin, belə şirkətlər, insanlar təhsilimizin gələcəyinə sərmayə yatırsınlar, universitetimizdə onlarla istedadlı, bacarıqlı tələbənin təhsil almasına sponsorluq etsinlər. Düşünürük ki, yaxın zamanlarda mətbuatı həm layihələrimiz, həm laboratoriyalarımız, həm də müəllim-tələbə kontingentimizlə tanış etmək imkanı olacaq".
H.İsaxanlı sonda jurnalistlərin suallarını cavablandırıb.
Sevinc MÜRVƏTQIZI



