
Cəlilabad rayonunda 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin saytının yaydığı xəbərə görə, əvvəlcə icra hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri Cəlilabad şəhəri mərkəzindəki Şəhidlər Xiyabanını ziyarət edib.
Daha sonra keçirilən tədbirdə Əziz Əzizov Qanlı Yanvar faciəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində dağılmaqda olan Sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı Sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib. "Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli lider Heydər Əliyev olub. Heydər Əliyev faciənin ertəsü günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ulu öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib. Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasından xəbər verirdi".
Tədbirin yekununda 20 Yanvar, Qarabağ əliləri, Şəhid ailələrinə maddi yardımlar edilib.



