|
|
|
|

«Kartların sayının çoxalması avtomatik olaraq nağdsız iqtisadiyyatın tam formalaşdığı anlamına gəlmir. Bir şəxsin eyni zamanda bir neçə banka məxsus kartdan istifadə etməsi statistik artımı yüksəldə bilər. Buna görə də əsas göstərici kartların sayı deyil, onların aktiv istifadə səviyyəsidir”.
Bunu iqtisadçı ekspert Asif İbrahimov 525.az-a söyləyib.
O vurğulayıb ki, nağdsız iqtisadiyyatın inkişafını müəyyən edən əsas meyar əməliyyatların intensivliyi və dövriyyə həcmi hesab olunur. Bu baxımdan nağdsız əməliyyatların həcminin təxminən 20 faiz artması daha obyektiv göstərici sayılır. Bu dinamika göstərir ki, vətəndaşlar bank kartlarını yalnız maaş almaq vasitəsi kimi deyil, gündəlik alış-veriş, xidmət ödənişləri və elektron ticarət əməliyyatlarında aktiv şəkildə istifadə etməyə başlayıblar. Belə dəyişiklik istehlak davranışında rəqəmsal transformasiyanın gücləndiyini təsdiqləyir:
«Nağdsız ödənişlərin genişlənməsi iqtisadi şəffaflığın artmasına da mühüm təsir göstərir. Elektron əməliyyatlar vergi uçotunun daha dəqiq aparılmasına, qeyri-rəsmi pul dövriyyəsinin azalmasına və maliyyə intizamının güclənməsinə şərait yaradır. Bu isə uzunmüddətli perspektivdə iqtisadi sabitlik və dayanıqlı inkişaf üçün vacib amil hesab olunur. Digər tərəfdən kredit kartlarının sayında azalma müşahidə olunması maraqlı iqtisadi tendensiya kimi diqqət çəkir. Bu proses bir neçə faktorla izah oluna bilər. Bir tərəfdən əhalinin borclanma risklərinə daha ehtiyatlı yanaşması, digər tərəfdən isə bank sektorunun kredit siyasətində risklərin qiymətləndirilməsini sərtləşdirməsi bu azalmanı şərtləndirə bilər. Kredit kartlarının azalması ilk baxışda iqtisadi aktivliyin zəifləməsi kimi qiymətləndirilsə də, maliyyə sabitliyi baxımından müsbət hal kimi də dəyərləndirilir. Çünki həddindən artıq istehlak kreditləri və borclanma səviyyəsinin artması uzunmüddətli dövrdə həm vətəndaşların maliyyə dayanıqlığına, həm də bank sektorunun risk balansına mənfi təsir göstərə bilər”.
Sevinc Qarayeva



