|
|
|
|

Məlum olduğu kimi, dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində yeni model tətbiq edilir. Söhbət mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinətinin ləğvindən gedir. Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib. Bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi “Dövlət qulluğu haqqında” Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən, dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsindən əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi. Qanunvericilik aktlarına yeni dəyişikliklər isə əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq. Bu dəyişikliklər dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır. Bu model isə mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsini təmin edəcək. Mütəxəssislər də təsdiqləyirlər ki, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45 faizini təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər “misli ilə” ödənişlərdən ibarət olurdu. İndi isə bu, 95 faizdən yuxarı təşkil edəcək. Qeyd edilən mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı.
Kollektiv və fərdi mükafatların ləğv edilərək yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturunun müəyyən olunması beynəlxalq təcrübəyə uyğundur.
Ümumiyyətlə, qanunvericilik aktlarına dəyişikliklər bir neçə mühüm məqsəd daşıyır. İlk növbədə söhbət daha şəffaf, ədalətli və vahid struktura malik əməkhaqqı sisteminin formalaşmasından gedir. Eyni zamanda, bu islahat dövlət qulluğunda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü olmasına, əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasına, nəticədə dövlət idarəçiliyində şəffaflığın artırılmasına xidmət edir.
Yeni model dövlət qulluğunda əvvəllər müxtəlif əlavələr formasında ödənilən hissələrin vəzifə maaşının tərkibinə daxil edilməsi ilə əməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Əməkhaqqının vahid strukturu bir sıra hallarda özünü göstərən maaş disproporsiyalarının aradan qalxmasını, bərabər imkanların təmin edilməsini şərtləndirmiş olacaq. Digər tərəfdən, dövlət qulluqçularının əməkhaqqının daha stabil və proqnozlaşdırılan olması təmin ediləcək.
Mühüm məqamlardan biri də peşəkar kadr potensialının və dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsidir. Yeni islahat tədbiri sabit və rəqabətqabiliyyətli əməkhaqqı sisteminə şərait yaratmaqla, dövlət qulluğunun da əmək bazarında rəqabət qabiliyyətini artırmağa imkan yaradır. Əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələrdən formalaşdığı üçün gənc və yeni dövlət qulluğuna qəbul olunan əməkdaşların məvacibi nisbətən aşağı olurdu. Bu isə özəl sektorun əməkhaqqı və digər sosial təminat baxımından daha cəlbedici imkanlar təqdim etməsi nəzərə alınmaqla, müasir əmək bazarının şərtləri ilə tam uyğunlaşmırdı.
Beləliklə, dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatların davamı, dövlət qulluğu sisteminin daha müasir şəkildə qurulmasına, təsnifat və kateqoriyalar üzrə təkmilləşdirmənin, optimal və balanslı, sabit və effektiv modelə keçirilməsinə yönəlib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov mövzu ilə bağlı “525”ə deyib ki, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna görə dövlət qulluqçularının əmək haqqının tərkibi maaşdan, ona əlavələrdən və mükafatlardan ibarətdir. Əlavələr də əsasən staja görə və dövlət səlahiyyətlərinə görə olan əlavələrdir: “Bu da hamıya şamil olunmur. İndi “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişikliyə görə dövlət qulluqçularının əmək haqqı sistemi optimallaşdırılır. Vahid və sabit əmək haqqı sisteminə keçid müəyyənləşdirilir. Bu da beynəlxalq təcrübədə ümumiyyətlə geniş yayılıb. Yəni sabit əmək haqqı, məsələn, Qərb ölkələrində şəxs bilir ki, onun illik əmək haqqı nə qədərdir. Bizdə də həmin sistemə keçid olacaq. Vahid əmək haqqına həmin əlavə və mükafatları əlavə etməklə sabit və vahid əmək haqqı yaradılacaq”.
Ekspert deyib ki, bunun bir neçə müsbət tərəfi var: “Əvvəla dediyim kimi, bu, dünya təcrübəsində geniş yayılıb. İkincisi, bütün dövlət qulluqçuları arasında, məsələn, işə yeni qəbul olunan dövlət qulluqçularının stimullaşdırılması baxımından əhəmiyyətlidir. Çünki indiki əmək haqqına nisbətən onların əmək haqqında işlədikləri dövlət kateqoriyasından asılı olaraq və dövlət qulluğundakı təsnifata uyğun olaraq artım olacaq. İkincisi, burada hər hansı sui-istifadə, korrupsiya halları aradan qalxır. Yəni bir dövlət orqanında tutaq ki, işçilərdən hansınasa mükafat verilir, digərinin bəzi səbəbdən, ya inzibati tənbehə görə və s. mükafatı kəsilirdi. İndi burda stabilləşmə olacaq. Dövlət qulluqçusu biləcək ki, əmək funksiyasını yerinə yetiribsə, stabil əmək haqqı alacaq. Bu da bir müsbət tərəfdir. Nəhayət, əsas məsələlərdən biri də proqnozlaşdırıla bilən olmasıdır. Yəni maliyyə orqanları, konkret Maliyyə Nazirliyi, müvafiq qurumlar, hökumət biləcək ki, əvvəlcədən cari ildə, növbəti ildə nə qədər əmək haqqı fondu olacaq.
Onu bəri başdan biləcəklər. Əvvəl bunu müəyyən etməkdə, proqnozlaşdırmaqda problemlər var idi. Ümumiyyətlə, bu, yeni bir modeldir, hesab olunur ki, həm də korrupsiya ilə mübarizədə mühüm rol oynaya bilər. Məsələn, dünyada aparılan araşdırmaların nəticələri göstərir ki, dövlət qulluqçularının əmək haqqı artdıqca korrupsiyanın göstəricilərinin faizi aşağı düşür. Korrupsiyanı yaradan səbəblərdən biri də məhz dövlət qulluqçusunun əmək haqqısının aşağı olmasıdır. Ailənin təminatını çatdırmayanda belə qanun pozuntusuna yol verməyə daha çox meyilli olurlar. Həm də bu, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən islahat kimi də qəbul edilə bilər”.
Sahib Məmmədov söyləyib ki, bu model Avropa ilə yanaşı, Sinqapurda, Honk-Konqda, bir sıra qonşu ölkələr, o cümlədən Gürcüstan, ənənəsinə və sisteminə görə bizə nisbətən yaxın olan Şərqi Avropa ölkələri üçün də xarakterikdir.
PƏRVANƏ



