Mədəniyyət və Turizm Nazirliyinin “Ümumi Mədəni İrs Şəhərlərinin Təbliği” layihəsi İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) təqdim etdiyi qrant vəsaitinə layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, 50-yə yaxın layihə arasından seçilərək son 17 layihə arasında yer tutan layihə 4 ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan) ortaq tarixi irsə malik şəhərləri birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun təbliğinə yönəlib.
Ənənəvi turizm növlərindən fərqli olaraq, arxeoloji turizmin təşviqinə yönələn layihə bu turizm növünə diqqətin artırılması, ölkələrin arxeoloji turizm potensialının təbliği və Türk-İslam mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır.
Nazirlikdən bildiriblər ki, bundan əvvəl 1-ci layihə çağırışına əsasən COMCEC-in maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü ildə həyata keçirilmiş "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsi çərçivəsində 20-yə yaxın şəhərdə arxeoloji qazıntı əraziləri və digər tarixi abidələr, ortaq turizm məhsulunun yaradılması imkanları araşdırılıb, beynəlxalq marşrut və tur proqramlar tərtib edilib.