|
|
|
|
Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla görüşüb.
Görüşdə iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivləri müzakirə olunub.
İsrafil İsrafilov səfirə Azərbaycan teatrı haqqında ətraflı məlumat verib, son illərdə bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.
Neboyşa Rodiç Serbiya hökumətinin hər zaman Azərbaycan ilə sıx əlaqələr qurmaq istəyini, xalqlarımız arasında yaxın dostluq münasibətlərinin olduğunu vurğulayıb.
Bu gün Azərbaycanın önəmli beynəlxalq mövzuların müzakirə olunduğu bir əlverişli məkana çevrildiyini xüsusilə qeyd edən diplomat ölkəmiz arasında müxtəlif sferalarda, eləcə də mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə əldə olunan ilkin razılığa əsasən, iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, həmçinin, pyes mübadiləsinin həyata keçirilməsi, birgə layihələrin gerçəkləşdirilməsi planlaşdırılıb.
Qonaqlar Akademik Milli Dram Teatrında serb dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında hazırlanan “Nazirin xanımı” tamaşasına baxıblar.
Serb dramaturqunun pyesinin Azərbaycan teatrının səhnəsində tamaşaya qoyulmasından məmnunluğunu ifadə edən səfir tamaşa haqqında xoş sözlər söyləyib, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.
S.ABDULLAYEVA