|
|
|
|
Yaponiyanın qida sənayesi sahəsində tanınmış “Food Machinery” jurnalı qədim və zəngin Azərbaycan mətbəxi haqqında ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə müsahibə dərc edib.
Müsahibədə jurnal müxbirinin suallarını cavablandıran G.İsmayılzadə Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin yaranma tarixi, hazırkı durumu və inkişaf perspektivləri barədə məlumat verib. İki ölkə arasında bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan xoş münasibətlərin qurulduğunu, yapon şirkətlərinin Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatında xüsusi paya malik olduğunu, iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirib.
Son zamanlar Yaponiyada Azərbaycana artan marağı vurğulayan səfir, yapon oxucuların xüsusi diqqət göstərdiyi Azərbaycan mədəniyyətinin mühüm parçası olan milli mətbəximizin tarixi və ayrı-ayrı nümunələri barədə geniş məlumat verib. Azərbaycan mətbəxinin orijinallığı ilə diqqəti cəlb etdiyini vurğulayan diplomat, onun dünya birliyi tərəfindən də sevildiyini diqqətə çatdırıb. Bununla yanaşı, hər iki ölkənin mətbəxini birləşdirən ortaq məqamların olduğunu qeyd edən səfir, bunun ölkələrimiz arasında münasibətlərin inkişafında faydalı ola biləcəyini qeyd edib.