Bəstəkarlar İttifaqında “Müasirlərlə dialoq” layihəsi çərçivəsində “Rast. Niyazi” sənədli filminin heyəti ilə görüş olub.
Əvvəlcə Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq artisti Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filmi nümayiş edilib.
Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru əməkdar incəsənət xadimi Yuri Varnavski, icraçı prodüseri Əlibala Rəhimovdur.
Filmin bədii rəhbəri Xalq artisti, kinorejissor Eldar Quliyevdir.
Filmdə dahi bəstəkar və dirijorun həyat və yaradıcılığı haqqında müfəssəl məlumatlar, görkəmli şəxslərin – SSRİ Xalq artistləri Tamara Sinyavskaya, Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov, Xalq yazıçısı Anar, digər mədəniyyət və incəsənət xadimlərinin onun haqqında fikirləri yer alıb.
Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib.
Nümayişdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək söyləyib ki, musiqi tariximizdə böyük iz qoymuş Niyazinin “Rast” simfonik muğamı dünya musiqi incilərindəndir. Bildirib ki, bu əsəri muğam festivallarında, konsert proqramlarında təqdim edirik və rəğbətlə qarşılanır.
Sonra Eldar Quliyev, İntiqam Qasımzadə, Nonna Müzəffərova filmin ərsəyə gəlməsindən danışaraq bu ekran əsəri vasitəsilə gələcək nəsillərin Niyazini daha yaxından tanıyacaqlarını vurğulayıblar.
Sonra film ətrafında müzakirələr aparılıb.
S.ABDULLAYEVA