|
|
|
|

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, ən məhsuldar müasir fırça ustalarımızdan olan Fərhad Xəlilovun əsərləri bu ay Londonda sərgilənəcək.
Sənətsevərlər Fərhad Xəlilovun abstrakt ekspressionist əsərlərini martın 11-dən 23-dək dünya şöhrətli "Saatchi" qalereyasında görə biləcəklər.
"Buta" İncəsənət Mərkəzindən "Azərtac"a bildirilib ki, bu sərgi 2014-cü ilin noyabrında başlamış "Buta" festivalının bir hissəsidir. Festivalın əsas məqsədi Azərbaycan mədəniyyəti və incəsənətinin Londonda populyarlaşdırılmasından ibarətdir.
Əsərləri xaricdə satılan ən məhsuldar Azərbaycan rəssaml
arından biri olan Fərhad Xəlilov təkrarolunmaz və rəngarəng rəsm üslubu ilə tanınan sənətkarlardandır. Rəssamın əsərləri yaşadığı mühit çərçivəsində, Qafqaz regionunda unikal hesab edilir.
Fərhad Xəlilovun Londonda 2011-ci ildə keçirilmiş ilk fərdi sərgisindən sonra, bu sərgi Avropa incəsənət məkanına onun əsərlərini görmək üçün unikal imkan yaradacaq. Sərgi xeyriyyəçi və rəsm əsərləri kolleksioneri Fərhad Əhmədovun sponsorluğu ilə keçiriləcək.
"Buta" İncəsənət Mərkəzinin direktoru Nəsib Piriyev sərgi barədə deyib: "Biz Fərhad Xəlilovun əsərlərini "Saatchi" qalereyasında təqdim etməyə çox şadıq və bilirik ki, onun nəfis yaradıcılıq nümunələri bir çox tamaşaçını cəlb edəcək və layiqincə qiymətləndiriləcək".
Sərgidə əsas diqqət rəssamın son vaxtlar işlədiyi əsərlərə yönəldiləcək, lakin yaradıcılığının daha erkən dövrlərinə aid işlər də təqdim ediləcək.
Qeyd edək ki, 2015-ci il "Buta" festivalı Azərbaycan incəsənətinə Londonda açılan bir pəncərədir. Festival haqqında daha ətraflı məlumat almaq üçün www.butafestival.com saytına nəzər salmaq lazımdır. "Buta" haqqında yenilikləri "Facebook", "Twitter" və "Instagram" - "butafestival"da tapmaq mümkündür.



