|
|
|
|

Martın 5-də - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun (AMİİF), Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Moskva nümayəndəliyinin təşəbbüsü və dəstəyilə "Rusiyadakı Azərbaycan diasporunda azərbaycanlı qadınların rolu" adlı Dəyirmi masa keçirilib.
Toplantıda Moskvada yaşayan işgüzar azərbaycanlı qadınlar, tələbə gənclər, sözügedən cəmiyyətlərin fəal üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri AMİİF rəhbəri Şamil Tağıyev açaraq, 8 Mart münasibətilə Azərbaycan qadınlarını təbrik edib, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verilməsini, eləcə də ilk qızlar gimnaziyası açılmasını dəyərli məqamlar kimi vurğulayıb.
Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Moskva nümayəndəliyinin sədri Toğrul Allahverdiyev qadınların diaspor həyatındakı önəmli rolundan, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyevanın bu sahədəki müstəsna fəaliyyətindən danışıb.
Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, şairə və publisist Afaq Şıxlı qadınların bayramını şeirlə təbrik edib. A.Şıxlı 1908-ci ildə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın yaratdığı və rəhbərlik etdiyi "Nicat" Qadın Xeyriyyə Cəmiyyətinin gördüyü işlərin davam etdirilməsi və bu cəmiyyətin fəaliyyətinin bərpası təklifini irəli sürüb. Onun bu barədə təklifi və qurumla bağlı digər məsələlər razılıqla qarşılanıb və cəmiyyətin məsləhət şurası formalaşdırılıb. Şamil Tağıyev isə cəmiyyətin koordinatoru seçilib.
Diaspor və maarifçilik işində fəallıq göstərən müəllimələr Validə Məmmədova, Xalidə Səmədova, Mehriban Abdullayeva, Səbinə Rəhimova, "Azərtac"ın əməkdaşı Fəridə Abdullayeva, MDDU-nin Azərbaycan Dili Mərkəzinin sədri Bella Musayeva, pedaqoq Sevil İsmayılova, Naibə Həsənova, Turan xanım, jurnalist Tünzalə Vəliqızı, həkim Aytən Məmmədova, Aişə Cəfərova və başqaları gördükləri işlərdən danışıblar.
Nilufər Şıxlı,
Moskva



