|
|
|
|

12 yanvar 2015-ci il tarixində C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı özünün 133-cü mövsümündə şair-dramaturq, ictimai xadim Hidayətin iki hissəli tarixi xronoloji dramı olan "Burdan min atlı keçdi" tamaşasını Milli Akademik Dram Teatrının səhnəsində növbəti dəfə tamaşaçıların ixtiyarına verdi.
Tamaşaya H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş vermişdi. Quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rəqs və plastika mütəxəssisi Aysel Gözəlova və rejissor asistenti Əhliman Ərşadlı olan tamaşa maraqlı və baxımlıdır. Tamaşaçıları yaxın keçmişimizə aparır. Yuxarıda dediyimiz kimi quruluşçu rejissoru Firudin Məhərrəmov, baş rolun ifaçısı İftixar Piriyev və ümumilikdə İrəvan Teatrının yaradıcı k
ollektivi artıq iki dəfə ulu öndər Heydər Əliyevlə bağlı mövzuya müraciət edib. Əvvəlcə yazıçı-dramaturq, filologiya elmləri doktoru, professor Aqşin Babayevin "Xilaskar" əsəri ilə respublikanı qarış-qarış gəzib. Daha sonra İftixarın müəllifi olduğu "Qurtuluş dastanı" əsəri ilə kollektiv ulu öndərin bədii obrazının məhz elə İftixar Piriyevin unikal ifasında mükəmməl şəkildə səhnə təcəssümünü yaradıb. Təcrübə öz səmərəsini verib.
Artıq bu dəfə ümummilli liderin həyat salnaməsi ilə bağlı tamaşada iştirak etmək kollektiv üçün, xüsusən əsas obrazı yaradan İftixar Piriyev üçün o qədər də çətin olmadı.
İlk əvvəl yazıçı-dramaturq Hidayətin əsərə verdiyi ada diqqət edək. Bildiyimiz kimi hər bir əsərin adı onun vizit kartıdır. "Burdan min atlı keçdi" deyəndə, yəni burdan bir yox, min-min atlı keçdi, anlaşılmalıdır.
Burdan bizim atlılarımız keçdi, bu yerlər bizim ata-babalarımızın at oynatdığı məkanlardır. Tamaşada Hidayət Orucovun öz obrazı ilə qarşılaşırıq. Hidayət Orucov şahidi və iştirakçısı olduğu hadisələrin bədii və obrazlı ifadəsini taparaq, gözümüz qarşısında Ümummilli Lider Heydər Əliyevin möhtəşəm obrazını təqdim edir. Bütün hadisələr boyu biz yaxın keçmişimizdə üzləşdiyimiz problemlərin dərin qatına enir, itirdiyimizin nədən ibarət olduğunun fərqinə varırıq. Bir daha inanırıq ki, Tanrı Heydər Əliyev dühasını millətimizə pay göndərmişdi və o olmasaydı, kim bilir, nələr, nələr ola bilərdi.
Tamaşa yazıçı-dramaturq, ictimai-xadim, o vaxtlar isə cavan oğlan olan Hidayət Orucovun Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə göndərilməsi səhnəsi ilə başlayır.
Cavan, dəliqanlı şair Hidayət, ədibi-(Natiq Həziyev) gözlənilmədən İrəvan Teatrına rəhbər göndərilir. Teatr işindən xəbərsiz olan cavan bircə onu bilir ki, qədim torpaqlarımızda bərbad hala salınmış teatrı inkişaf etdirmək mütləqdir. Bu yolda onun qarşısında maneələr də olur. O isə əzmlə maneələri dəf edir.
Tamaşa bir tərəfdə SSRİ-nin bayrağı, ortada lazımi məqamlarda iclas salonunu hansısa rəhbər işçinin kabinetini və ən əsası da ekranı xatırladan pərdədə həll olunur. Quruluşçu rejissor tamaşanın ideya-bədii obrazını məhz səhnənin arxasında asılmış pərdədə qurur. Ədib (Natiq Həziyev) doğma teatrın inkişafına çalışdığı dövrdə ölkəmizdə və SSRİ-də müxtəlif siyasi proseslər gedirdi. Məhz bu dövrdə Ermənistanın o zamankı rəhbəri Anton Koçinyan (Məhərrəm Musayev) Suslova (Nazir Rüstəmov) və Liqaçova (Məzahir Süleymanov) şikayət edir. Dağlıq Qarabağ torpaqlarını Ermənistana birləşdirilməsini əvvəl xahiş, sonra isə tələb kimi bildirir. Onu da deməliyik ki, istər Nazir Rüstəmov, istər Məzahir Süleymanov, istərsə də Məhərrəm Musayev bu obrazları əsərin ümumi ideyasına, tamaşanın rejissor təqdiminə uyğun təsvir və təqdim edirlər. Obrazlar həm xarici, həm də daxili təqdimat baxımından olduqca maraqlı və tanınandır.
Tamaşaçı Ümummilli Liderin obrazını görməyə hazırlaşdığı bir məqamda, artıq bu obrazda özünü iki dəfə uğurla sınamış iftixar Piriyev əvvəl pərdədəki kölgəsi, sonra isə qətiyyətli addımları, şəhanə görünüşü siması ilə tamaşaçı qarşısına çıxır. Tamaşaçılar Ümummilli Liderin obrazını alqışlarla qarşılayırlar. Heydər Əliyev obrazı xarici portret görünüşü ilə nə qədər inandırıcı və cəlbedicidirsə, aktyor danışmağa başladığı andan nitqi ilə də tamaşaçıya doğma və əziz görünür. İftixar Piriyev Ümummilli Liderin obrazında hər bir xırda hərəkəti mümkün qədər dəqiqliklə tapdığı kimi, Heydər Əliyevin unikal nitqində də bacardıqca sərrastlığa nail ola bilib. Nəticədə xarici və daxili portret vəhdəti obraz bütövlüyünə gətirib çıxarır. Sanki tamaşaçı yaxın keçmişin siyasi hadisələrinin izləyicisi olur.
Hadisələr çox böyük sürətlə inkişaf edir. Artıq Ədib - Hidayət Orucov qorxulu düşmənlər içərisində işləməyinin fərqindədir. Bunun fərqində olduğu üçün milli mədəniyyətimizin, dilimizin, tariximizin təbliğini, bir növ Ermənistanda Azərbaycanın "mədəniyyət səfiri" funksiyasını öz üzərinə götürür. Bu zaman həmin ölkənin yuxarı dairələri şairin qarşısını almağa çalışırlar. Ermənistanın mədəniyyət naziri (Əjdər Zeynalov), partiya komitəsinin katibi (Oktay Mehdiyev) və başqaları şairi bu yoldan çəkindirməyə, onu təhdid etməyə başlayırlar. Teatrın direktoru Ədib getdiyi Heydər Əliyev yolunun doğruluğuna inandığı üçün hər bir maneəni qətiyyətlə dəf edir. Əmrulla Nurullayevin təqdim etdiyi Kamran Bağırov obrazı hər birimizin yaxşı tanıdığı insandır. Düzdür, artıq o dövrdən xeyli vaxt keçib, çox sular axıb, ancaq vaxtında edilmiş siyasi səhvlər, ölkəmizi sonrakı fəlakətlərə, dərdlərə sürükləyib. Fəlakət, dərd gələndə batmanla gəlib, misqalla çıxır.
Elçin Hacıyevin təqdim etdiyi Lətif Nəsibov obrazı o zaman Ermənistanda çalışan hüquq-mühafizə işçilərinin fədakar obrazının əyani təcəssümüdür. Məhz belə olduğu üçün bu adamların çətin şəraitdə gördükləri böyük işlər hər cür təqdirə və diqqətə layiqdir. Həmin dövrdə Ermənistanda yaşayan adi insanların həyatı da əslində qəhrəmanlıq nümunəsidir. Əhliman Ərşadlının kəndli obrazı dediyimizin bariz nümunəsidir.
Şaxnazaryan (Vaqif Kərimov) erməni baş leytenantı (Niyaməddin Səfərəliyev), Koçinyanın köməkçisi (Ramiq Nəsirov), katibə (Solmaz Məmmədova), təlimatçı (Rövşən Cəfərov), məmur (Vaqif Kərimov), məsul işçi (Ceyhun Əliyev) də daxil olmaqla, kütləvi səhnələrin iştirakçısı olan aktyor kollektivi ideya baxımından bütöv və maraqlı bir tamaşanın yaranmasına nail olub.
Tamaşa obraz bütövlüyü ilə auditoriyanı ovsunlaya bilir. Ancaq səhnə əsəri əsasən baş obraz olan Heydər Əliyevin üzərində qurulub. Quruluşçu rejissor burada Heydər Əliyevin möhtəşəm obrazını yaxın keçmişdən bu günümüzə məharətlə köçürüb. Bu obrazın bütövlüyü əslində tamaşanın tamlığına səbəb olur. Tamaşa-rejissor, rəssam, musiqi tərtibatı və aktyor oyun tərzi ilə mükəmməl vəhdətdə təqdim olunur. Tamaşaçı az qala hər bir səhnənin hər hadisəsini diqqətlə qarşılayıb, alqışlarla müşayiət edir.
Söz yox ki, vaxtaşırı teatr səhnələrində və kino ekranlarında Ümummilli Lider Heydər Əliyevin möhtəşəm obrazı yaradılır. Bu yöndə uğurlu işlər davam etdirilməli, ulu öndərin parlaq siyasi fəaliyyəti, xalqımızı müsibətlərdən xilas etməsi dönə-dönə xatırlanmalıdır. Beləliklə, tariximizi unutmamalı, ondan ibrət almalıyıq. Məhz bu tarixi bizə təqdim etdiyi üçün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinə böyük minnətdarlıq düşür.
Çingiz ƏLƏSGƏRLİ,
Teatrşünas.



