|
|
|
|

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Avstriyanın dövlət və hökumət nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara baharın müjdəçisi olan Novruz bayramı haqqında məlumat verib. Bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir. Elə bu səbəbdəndir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib.
Tədbirin bədii hissəsindən bəhs edən L.Qasımova müasir Azərbaycanın caz məkanında, eləcə də beynəlxalq səviyyədə tanınmış musiqiçi Şahin Növrəsli və onun musiqi qrupu barədə məlumat verib. Bildirilib ki, hələ uşaq yaşlarından Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi peşəkar musiqi fəaliyyətinə başlayan Ş.Növrəsli dünyanın ən tanınmış səhnələrində çıxış edib, Şərq və Qərb sivilizasiyalarının musiqi rəngarəngliyinin vəhdətini öz ifalarında mükəmməl səviyyədə təqdim edib.
L.Qasımova qeyd edib ki, caz konsertinin tarixi də təsadüfi seçilməyib, çünki bir neçə gün əvvəl Azərbaycanda ölkəmizin caz sənətinin ən görkəmli nümayəndəsi Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd olunub. Klassik cazla Azərbaycan milli musiqisi və muğamının uğurlu sintezinə nail olmuş Vaqif Mustafazadə məktəbinin ənənələri bu gün Şahin Növrəsli kimi peşəkar musiqiçilər tərəfindən qorunub saxlanılır və inkişaf etdirilir.
Sonra tanınmış Azərbaycan caz pianoçusu Şahin Növrəslinin rəhbərlik etdiyi caz qrupu bayram konserti ilə çıxış edib. Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də muğam melodiyalarının caz üslubunda improvizasiyaları tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Konsertdən sonra qonaqlara Azərbaycan milli şirniyyatlarından ibarət bayram hədiyyələri paylanıb.
S.ABDULLAYEVA



