İndinin özündə də elə bilirəm ki, tez-tez görüşdüyümüz "Moskva" univermağının ətraflarında biz baltası kimi tökmə bədəni, təbəssümlü siması və gülümsəyən kimi parıltısı sifətinə yayılan qızıl dişləri ilə rastıma çıxacaq və elə birinci cümləsindən də özünəməxsus ərkyanalıq və ehyamla gileylənməyə başlayacaq: "Ə, balam, hardasınız, niyə görünmürsünüz, niyə itirib-axtarmırsıznız? Başınız necə qarışıbsa, kasıb-kusubu, qara camaatı yada salmırsınız". Ya da avtomobillərin cücəli toyuq kimi dalbadal düzüldüyü dar-dütdək küçələrdən birində maşını yanımda saxlayacaq və qapını açıb oturan kimi yenə də həmin təbəssüm üzündə və həmin işıq sifətində bütün dostların giley-güzarını ağır və aramla üstümə yağdıracaq: " Nə etibarsız, nə vəfasız adamlarsınız? Hərəniz öz hücrənizə çəkilmisiz. A kişi, bir zəng vurun, maraqlanın, görün nə var, nə yox?" Sonra da hal-əhval tutmazdan əvvəl özünəməxsus şəkildə ayaq verərdi: "Belə qalmayacaq ha... Sizin əməllərinizə də haqq-hesab çəkən tapılacaq..."
Bu, Həşimin mənə və bütün dostlara qarşı ərki və umacağı idi. Zahirən soyuq və quru təsir bağışlasa da, olduqca istiqanlı və səmimi idi. İmkanı daxilində hamıya əl tutmaq, kömək etmək istəyirdi. Dost yolunda hər cür fədakarlığa hazır, olduqca əliaçıq və səxavətli id. Son tikəsini də tanıdığı-tanımadığı hər kəslə bölməkdən çəkinməzdi. Hamıya inanır, etibar edir və heç kimin xətrinə dəymirdi... Hətta bəzən heç nəyə gücü çatmayanda yenə öz xidmətini təklif edirdi: "Ay balam, sizə maşın-zad lazım olmur? Bir yol zəng edin, gələk də. Nə vaxt harasa getmək lazım olanda xəbər edin..."
Bir var, bunu "xala xətrin qalmasın" deyəsən, bir də var qəlbən, həqiqətən. Həşim üçün boğazdan yuxarı söz yox idi, nə deyirdisə, ürəkdən deyirdi və dediyi sözün də arxasında dururdu. O qədər istiqanlı və canıyanan idi ki, hansısa problemdən danışanda istəyirdi ki, ona kömək eləsin,əl uzatsın.
Aradan üç il keçir... Üç ildir ki, heç kim rastımıza çıxıb bizi belə ərkyana məhşər ayağına çəkmir. Üç ildir ki, "Əcəmi" metrosu yaxınlığındakı küçələrdə yanımızdan keçən maşının pəncərəsindən ünvanımıza giley dolu sözlər səslənmir...
Həşim Mehdiyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirsə də, fəaliyyət sahəsi ixtisasından uzaq idi. Bir müddət Ağdam Rayon İcra Hakimiyyətində qaçqınlarla iş şöbəsində çalışmışdı, son illər isə kiçik bizneslə məşğul idi. Tale elə gətirmişdi ki, ötən əsrin 90-cı illərinin burulğanlı hadisələrində ömrünün dörd ili badi-fənaya getmişdi. Lakin üzləşdiyi məhbus həyatı da onun ürəyiyumşaqlıq və yanımcıllığına xələl gətirə bilıməmişdi. İnandığı, etibar elədiyi adamların günahı üzündən çəkdiyi cəza da onun insanpərvərlik, dostcanılılıq və ağayanlığını zərrə qədər də azaltmamışdı...
Tələbəlik illərində əsl ağsaqqal təmkini göstərərdi, qrup nümayəndəsi kimi universitetdə xətir-hörməti var idi, müəllimlər də, tələbələr də onun xətrini çox istəyirdi.
Yadımdadır ki, bir dəfə o, söhbəti edərkən təəssüflənirdi: "İllər hiss olunmadan gəlib keçib və hərəmiz bir xəstəliyə mübtəla olmuşuq. Tələbə vaxtı şəvə kimi qapqara saçı olan uşaqların çoxunun saçında indi dərmana bir dənə qara tük tapmazsan. Uşaqlardan neçəsi təzyiq, neçəsi şəkərli diabet xəstəsidir".
Bir gün gözlənilmədən Həşimin də infarkt keçirdiyini eşitdik, Qarabağ həsrətini, haqsızlıq ağrısını, dost etibarsızlığını daşımağa onun ürəyində taqət qalmamışdı. Həkimlərin səyi, dostların duası da onu xilas edə bilmədi. Onu sevənlərin hamısı bu xəbərdən sarsıldı. Həşim Mehdiyevi üç il əvvəl Novruz günlərində Biləcəridəki qaçqın qəbiristanlığında ana torpağa tapşırdıq. Ağdamın Şuşa səmtindəki "Qarağacı" qəbiristanlığında bir məzar yeri də boş qaldı...
Aradan nə qədər keçir-keçsin, neçə il ötür-ötsün - Həşim Mehdiyev onu tanıyanların və sevənlərin gözündə həmişə diri və canlı olaraq qalacaq.
Süleyman QARADAĞLI



