|
|
|
|

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu universitetlərdən biri də Litva Pedoqoji Universitetidir. Professor Rafael Həsənov fevral ayından etibarən Litvada bu fənni tədris edir və bu, yaz semestri boyunca davam edəcək.
Bu günlərdə R. Həsənovla tədrisin gedişatı, əldə olunan nəticələr barəsində söhbətimizdə müsahibimiz deyilən mühazirələrin Azərbaycan multikulturalizmi, mədəniyyəti, ədəbiyyatı, tarixi və Dağlıq Qarabağ haqqında gerçəkləri tanıtmaq üçün gözəl fürsət olduğunu vurğulayıb: “Litvada Azərbaycana xüsusi maraq var, ölkəmizin nailiyyətləri tələbələri çox maraqlandırır, hətta heyran edir. Vilnüsdə Litva Təhsil Elmləri Universitetində (LTEU) Filologiya fakültəsinin dekanı, professor Gintautas Kundrotas, Universitetin İnkişaf və Əlaqələr direktorluğunun müdiri Kestutis Salavejus və Beynəlxalq Əlaqələr Ofisinin müdiri Loreta Chodzkiene, 35 ildir Litvada yaşayan, “Litva azərbaycanlıları cəmiyyəti”nin sədri Mahir Həmzəyev, Azərbaycanın Litvadakı səfiri cənab Həsən Məmmədzadə və səfirin birinci müavini Rufan Nəbiyevlə görüşlərim olub. Səfirlikdə keçirilən görüşlərdə Azərbaycan naminə xeyli önəmli tədbirlərin həyata keçirildiyini öyrəndim. Səfirliyimiz LTEU-da Nizami Gəncəvi adına auditoriya açıb, auditoriyada Azərbaycanın görkəmli yazıçı və şairlərinin portretləri asılıb, kitab rəflərində ölkəmizə dair bir sıra kitablar sərgilənir, divardan respublikamızın xəritəsi vurulub və burada azərbaycanlılar üçün şənbə dərsləri keçirilir. 
Xeyli sayda bakalavr və magistrin iştirak etdiyi Nizami Gəncəvi adına auditoriyada tələbələri Azərbaycan haqqında məlumatlandırarkən informativ xarakterli slaydlardan da istifadə etdim. Ermənilərin Azərbaycanda müxtəlif illərdə törətdikləri qırğınlar, Xocalı faciəsi, qondarma “erməni soyqırımı” haqqında geniş informasiya verdim. LTEU-da keçirilən növbəti dərsdə Türkiyə və Çindən də olmaqla 25 tələbə iştirak edib. Universitetin İnkişaf və Əlaqələr direktorluğunun müdiri Kestutis Salavejus bildirdi ki, kurs təzə elan olunduğundan bundan sonra da tələbələrin yazılma prosesi davam edəcək və onların sayının xeyli artacağı gözlənilir. Litvadakı səfirliyimizin yaratdığı və onun nəzdində fəaliyyət göstərən “Azerbaijan Youth Organization of Lithuania” (AYOL) - Litvanın Azərbaycan Gənclər Təşkilatı çox aktivdir. AYOL Litvada yaşayan azərbaycanlı, azərbaycan əsilli şəxslər və litvalı gənclərlə mütəmadi əlaqə saxlayır.
Cəlil Məmmədquluzadənin kitabının litva dilinə tərcüməsinə başlanılıb”. R. Həsənov Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan səfirliyinin Vilnüsdə təşkil etdiyi tədbirə də qatılıb, litvalı rejissor Riçardas Lapaitasın “Sonu görünməyən dəhliz” filminin nümayişində və qanvermə aksiyasında iştirak edib. Professor LTEU -da 17-20 mart tarixlərində Azərbaycan günlərinin keçirilməsini də ölkəmizin həqiqətlərinin təbliği baxımından yüksək dəyərləndirib.
lll
Azərbaycan multikulturalizmi fənni xarici ölkələrlə yanaşı ölkənin nüfuzlu ali məktəblərində də tədris edilir və maraqla qarşılanır. Polis Akademiyasında və Ali Hərbi Məktəbdə keçirilən mühazirələr də bu qəbildəndir.
Polis Akademiyasında BBMM-in Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadənin, Ali Hərbi Məktəbdə BBMM-in Mərkəzi Analitika şöbəsinin baş məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad İlyasovun çıxışlarında ortaq fikir vurğulanıb: “Multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən gəlişmiş çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi istiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür və həyata keçirir”.
Azərbaycan multikulturalizmi nümunəvi model kimi dünyanın nüfuzlu dövlətlərinin də diqqət mərkəzindədir. İsveçrənin Frayburq Universiteti nəzdində fəaliyyət göstərən Federalizm İnstitutunda “Azərbaycanda və İsveçrədə multikulturalizmin və dünyəviliyin ortaq dəyərləri” mövzusunda keçirilən s
eminar da bu faktı təsdiq edir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, BBMM-nin və Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin təşəbbüsü ilə keçirilən seminarda BBMM-in icraçı direktoru, professor Azad Məmmədov çıxış edib.
Azad Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkələrin universitetlərində keçildiyini, növbəti semestrdən etibarən bu fənnin İsveçrənin Frayburq Universitetində də tədris olunacağını vurğulayıb. A. Məmmədovun çıxışı seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. BBMM-in icraçı direktorunun növbəti gün ayrıca olaraq Frayburq Universitetinin Sosial Elmlər kafedrasının professor-müəllim heyəti ilə görüşə dəvət olunması, İsveçrədə nəşr olunacaq Azərbaycan multikulturalizmindən bəhs edən kitabın giriş hissəsinin yazılmasının Azad Məmmədova həvalə olunması bir daha təsdiqləyir ki, multikulturalizmi dövlət siyasəti bəyan edən Prezident İlham Əliyevin bu sahədə apardığı unikal və məqsədyönlü iş, bu siyasəti uğurla həyata keçirməsi nəticəsində ölkəmizdə əldə olunan münbit multikultural və tolerant mühit xarici ölkələrin tərəfindən müsbət qarşılanır və təqdir edilir.
Xalqımızın multikulturalizm ənənələri milli bayramlarımızın qeyd olunmasında da özünü büruzə verir. Heç vaxt ayrı-seçkililk siyasətinə yol verməyən xalqımız milli bayramlarını da özünün müxtəlif etniklərə mənsub vətəndaşları ilə birgə, qardaşcasına qeyd edir. BBMM-in təşkil etdiyi Novruz şənliyində Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin, Milli Elmlər Akademiyasının, Bakı Slavyan Universitetinin, Prezident yanında Bilik Fondunun nümayəndələri ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən 20-dən yuxarı milli və dini icmaların üzvləri və rəhbərlərinin iştirakı multikulturalizmin, tolerantlıq ənənələrinin xalqımızın genetik sərvəti olduğunu bir daha isbatlayır.
Tədbirdə Mərkəzin icraçı direktoru Azad Məmmədov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Fuad Nurullayev, Rus Provoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev, Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker və Mədəniyyətlərarası Təhsil üzrə Avropa şəbəkəsinin vitse-prezidenti, professor Svetlana Kurteş çıxış ediblər. Qonaqlar multikulturalizmin Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı hər bir kəsin həyat tərzi olduğundan danışıb, müxtəlif dinlərə, irqlərə və xalqlara mənsub olmalarına baxmayaraq Azərbaycan
dövlətinin vətəndaşı olmaqdan qürur duyduqlarını və dövlətə xidmət etdiklərini bildiriblər. Novruz şənliyinin bədii hissəsində Bolqar icmasının nümayəndələri Səməd Vurğunun Azərbaycan şeirini bolqar və Azərbaycan dillərində səsləndirib və müxtəlif mahnılar oxuyublar. Tatar icmasının nümayəndələri isə Novruz bayramına aid tatarca mahnılar ifa ediblər.
lll
Yazılanlara, deyilənlərə və görün(l)ənlərə sözardı: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı vaxtdan etibarən ardıcıl şəkildə xarici ölkələrdə və Azərbaycanda dəyərli təşəbbüslər irəli sürməsi, müxtəlif səpkili tədbirlər həyata keçirməsi, bu istiqamətdə məqsədyönlü və sistemli işlərin görülməsinin vacibliyini önə çıxarmaqla bərabər, bu unikal qurumun təşkilinin tarixi zərurətdən yarandığını bir daha sübut edir.
S.ABDULLAYEVA



