|
|
|
|
Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin aparıcı orta təhsil müəssisələri ilə yaradıcılıq əlaqələrini davam etdirməkdədir.
Bu əlaqələrin genişləndirilməsi istiqamətində ötən gün teatrda bir sıra orta təhsil ocaqları ilə birgə görüş-diskussiya keçirilib. Əvvəlcə teatrın cari repertuarında olan, Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ədibin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
Sonra tamaşanı izləyən Bakı şəhəri 53, 171 və 328 nömrəli məktəblərinin müəllim və şagird kollektivi çıxış edərək teatrın rəhbərliyinə və aktyorlara təşəkkürlərini bildirərək yaradıcı heyətə suallar ünvanlayıblar.
Yasamal rayonu 53 nömrəli tam orta məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək Gənc Tamaşaçılar Teatrının yürütdüyü uğurlu repertuar siyasətinin məktəblilərin tərbiyəsindəki rolundan, uşaq və gənclərdə teatra olan sevginin artırılması istiqamətində həyata keçirilən tədbir və layihələrdən, rəhbərlik etdiyi məktəbin sözügedən teatrla uzun illik səmərəli əməkdaşlığından danışıb.
Yeniyetmə və gənclərə teatr sevgisinin aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə həyata keçirilən layihə çərçivəsində teatrda yaxın günlərdə Xəzər rayonunda fəaliyyət göstərən bir sıra məktəblərlə bu tip tədbirlərin keçirilməsi nəzərdə tutulur.
S.ABDULLAYEVA