|
|
|
|

Yazar,dramaturq və alim Aslan Qəhrəmanlı şair Cavad Zeynalın “AXŞAM QƏRİBLİYİ” kitabına yazdığı ÖN SÖZDƏ qeyd eləyir :”Qarşımda hələ çap olunmamış bir kitabın kompüterdə yığılmış variantı var. “Axşam qəribliyi” adlandırılan bu kitabı gözdən keçirirəm, yadıma müəllifin – şair və nasir Cavad Zeynalın “Yazıçı” nəşriyyatında işlədiyi vaxtlar, bir də şair Qabilin eyni adlı şeiri düşür:
“Gedirsən, deyirsən öz-özünə sən:
Bu səbəbsiz olan qüssəni unut!
Lakin heç qoyarmı qəlbin ola şən
Axşam qəribliyi, bir də ki, sükut?!”
...Cavad Zeynalın son zamanlar məhsuldar işləməsi bəzilərini təəccübləndirsə də, mən buna çox təbii baxıram. Çünki yaradıcılıq məsələsi həddindən artıq mürəkkəb məsələdir. Hər gün müəyyən saatlarda yazanlar da var, aylarla mövzunu beynində saf-çürük edib birnəfəsə yazanlar da. Cavad Zeynal ikincilərə aiddir. Onun mətbuatda çıxan şeirlərinin, hekayələrinin çox böyük hissəsini oxumuşam və bəzən fikirlərimi müəllifə bildirmişəm. Nəhayət, haqqında danışdığım kitabın əlyazmasını (yəni kompüterdə yığılmış variantını) görəndə tənqidi qeydlərimi söyləməyi xahiş elədi. Düzünü deyim ki, kitab xoşuma gəldi. Buraya müəllifin həm şeirlərinin, həm də nəsr əsərlərinin bir hissəsi daxil edilib.Yaradıcılığa şeirlə başlamış Cavad Zeynal sonradan nəsrə keçsə də, çox az dəyişib, yenə gəncliyində olduğu kimi emosionaldır, dəymədüşərdir, tez inciyəndir və bir az da... bədbindir.Bilmirəm Cavad özünü şair hesab edir, yoxsa nasir? Bunu mən ondan heç soruşmamışam. Çünki onun cavabı nə olur-olsun, lap qalın-qalın romanlar yazsa belə, o şairdir”.
– Kitabınıza yazar- dramaturq, alim Aslan Qəhrəmanlı ön söz yazıb. Mən ön sözlərdən hayıl-mayıl olan adam deyiləm, xüsusilə indiki zamanda. Hardan olub bu yaradıcı ilə yaxınlıq, nə kimi münasibətləriniz var? Hər halda Aslan müəllim elə şəxsiyyətdir ki,bu ad da oxucuda bir maraq doğurur məncə.
– Aslan Qəhrəmanlını 70-ci illərdən tanıyıram. Demək olar ki, həmyaşıdıq və o da altmışıncılardandı. İşlədiyim “Yazıçı” nəşriyyatına tez-tez gələrdi. Heç vaxt onu qonaq saymazdıq. Redaksiyada elə qaynayıb-qarışmışdı ki, elə bil bizlərdən biriydi. Ədəbi mübahisələrə qoşular, bu və ya digər əsər haqqında obyektiv fikrini bildirərdi. Şux da zarafatımız vardı. Tez-tez bir-birimizə sataşardıq və heç vaxt da cırnamazdıq.Gözəl də nəsri var Aslanın. Hekayələri və povestləri ədəbi mühitdə diqqət çəkirdi. Onun riyaziyyatçı olmağına şübhə ilə yanaşırdım. Elə bilirdim ətrafımdakılarla birləşib məni inandırmağa çalışırlar. Sən demə, bu həqiqətmiş.Sonra onun dərin lirizmə malik povesti əsasında məşhur “Səni axtarıram” adlı teleserial çəkildi. Bu, Aslan Qəhrəmanlının birdən-birə məşhurlaşmasına səbəb oldu və biz də bundan sevindik. Ancaq Aslan bu məşhurlaşmadan sonra da elə əvvəlki Aslanlığında qaldı. Bir damcı nə özünü dartdı (bəziləri kimi), nə də seçildi. Yenə həmin doğmalıq, həmin münasibət, həmin lağlağı qüvvəsində qaldı.”525-ci qəzet”də silsilə şeirlərim, hekayələrim çıxanda zəng vurub fikrini bildirirdi. Demək olar ki, şeirlərin hər biri haqqında sözünü deyirdi. Şeirləri elə gözəl təhlil edirdi, elə açırdı ki, onun şeiri bu dərəcədə həssaslıqla duyması mənə ləzzət eləyirdi. Hətta çapda özünü göstərmiş xırda texniki qüsurları belə diqqətimə çatdırırdı.”Sərçə toyu” hekayəmi (qəzetdə “Kədərə bələnmiş fərəh” adıyla getmişdi) tərifləyəndən sonra sonluğa cüzi bir dəyişiklik etməyimi məsləhət gördü. Dedi ki, Şahbaz kişi (oğlu şəhid olmuş ata) ölmüş sərçə balasını uzağa atmasın (arvadının onu görüb sarsılacağından), onu aparıb bir qıraqda xəzələ, yarpağa büküb qoysun. Belədə oğul itirmiş atanın xarakterinə daha uyğun olar. Ağlıma batdı və mən bu dəyişikliyi etdim. Həmkarlarımın deməsinə görə hekayə bundan daha da qazanıbdı.Kitabıma ön söz yazmağına gəlincə, məsələ belə oldu: mən kitabımı kompyuterdə yığdırıb göndərdim ona ki, bəs köhnə dost, sən güzəştə gedən deyilsən, bax gör bunlardan kitab olar, ya yox. On-on iki gündən sonra mənə zəng vurub şeirləri, hekayələri xeyli təriflədi. Povestlər haqqında da xoş sözlər dedi. Mətbəədən də bu arada zəng vurub kitabı üç səhifə artırmağımı tapşırmışdılar ki, səhifələr qoşa çıxsın. Mən hansı hekayəni əlavə etdimsə, səhifə düz çıxmadı. Aslana dedim bəs belə-belə, o dediklərini yaz bir yerə, göndər mənə. Dedi neynirsən dediklərimi, dedim kitabda ön söz əvəzi verəcəm. O da yazıb göndərdi. Sağ olsun, gerçəkdən gördüm ki, dedikləri ürək sözüymüş. Ön söz, bax belə yazıldı.
– Ədəbiyyatdan iddianız nə idi və nə oldu?
– Ədəbiyyatdan iddiam orta məktəb illərində olub. 8-ci sinifdən şeirlərim yerli rayon qəzeti “Araz”da tez-tez çıxırdı. Qohum-əqrəba, müəllimlərim çox sevinirdilər. Rayon məktəbliləri və gənclər arasında seçilirdim. Küçə ilə gedəndə bəzən yaşlılar da dönüb mənə baxırdı. Onda yerə-göyə sığmırdım.Elə ki, universitetə sənəd verdim və elə ilk imtahandanca kəsildim (o vaxtlar yazıda çoxlu orfoqrafik səhvlər buraxırdım), şaxım sındı və iddiam da çəkildi. Sonralar ürəyimdəki arzum və məqsədim uğrunda çalışdım. Daha elə bir iddiam olmadı. Sadəcə yazdım, pozdum və işlədim.

– Nələr üçün darıxırsınız?
– Kəndimiz üçün, rayonumuz üçün. Şuşa, Laçın, Kəlbəcər yaylaqları üçün burnumun ucu göynəyir. Qarabağın havasından, sularından, yaylaqlarından heç harda olmaz. Bir də ki, ata-anamın, qardaşımın qəbirləri üçün darıxıram. Bərk nigaranam. Deyirəm birdən dağıdılmış olar, ölüb-eləyərəm, onları düzəldən olmaz. İndiki cavanlara o qədər də bel bağlamıram.
– “Etiraf” şeirinizdə bir misra var: “BU ÖMRÜ ƏZƏLDƏN DÜZ QURMADIM MƏN”. Bunun açıqlaması nə, yoxsa elə-belə şeir olaraq yazmısız?
– Yox, sıradan deyil. Lap belə içimdən gəlib. Həyatıma gələnlər, şeirdə dediyim kimi, getməyi heç umamayıblar da. Qalıb ömrümü-günümü, qazandıqlarımı talamaqla məşğul olublar. Axırda da məni borclu çıxarıblar. Həmin şeir o irmaqlardan, həyatımdan süzülüb gəlibdi.
– Belə hesab etmək olarmı ki, şeirdəki doyumsuzluq sizi nəsrə müraciət etməyə məcbur edib, yoxsa başqa bir nədən var?
– Nəsrə keçməyim şeirdəki doyumsuzluqdan yaranmadı. Şeirin predmeti başqa, nəsrinki başqa. Bir nəsr əsərinin qayəsini bəzən şeirdə bir beytdə də vermək olar. Ancaq bir beytin yaratdığı təfərrüat hara, nəsrdəki epikanın təfərrüatı hara. Misal üçün, yenə Hüseyn Arifdən belə bir beyt alaq:
Ağactək böyümək istəyənləri
Payatək torpağa basdırmaq olmaz.
Bu, bir hikmətdir. Bu hikməti yalnız aqillər, dünyagörmüşlər duyur və təsdiqləyir. Hər oxucu bunun genişliyini, dərinliyini qavramır, axı. Onların qavraması üçün gərək uzun bir yol gələsən. Yəni, tutalım, istedadlı bir gənci kim, yaxud da kimlərsə istismar edir, onu öz mənafeləri üçün aidiyyatı olmayan gündəlik fiziki işlərdə işlədir. Ancaq bu gənc çox istedadlıdır və onun istedadına qapı açılsa o, elmə yeniliklər gətirər və bəlkə də dünyada tanınar. Ancaq onu sıxırlar, əzirlər, məcburi əməyə sövq edirlər. Bax, burada o gəncin iztirabları başlanır. Yəni o gənc bilir ki, onda istedad var, bu məhrumiyyətlər üçün doğulmayıb. Onun sarsıntıları, düşdüyü mühitdən silkinib çıxmaq istəyi, mübarizəsi, sevgisi, nifrəti, ətrafı... bütün bunlar nəsrin malıdı və həmin nəsr əsərinin – tutalım povestin, romanın sonundakı özünü təsdiqi şairin aşıladığı o hikməti doğurur. Piyada oxucular yalnız bu qədər təsvirlərdən sonra o qənaətə gəlirlər.
Mənim nəsrə keçməyimin səbəbi də, bax, o piyadalar oldu. Ətrafımda o qədər idilər ki... O qədər oyunlardan çıxırdılar ki, qalırdı bircə qollarından tutub ədəbiyyata gətirmək.
– Şayət bilsəydiniz ki, bu dünya şairlərdən həzərdir, o zaman yenədəmi şeir yazardınız? Bəlkə sizin üçün yaşamaq vasitəsi olub şeir?
– Şairlər kimlərdi? Allahın seçib göndərdiyi adamlar! Allah təkcə mələkləri seçmir ha. Bəndələri də seçir də. Şairlik hər adama verilmir ki! Allah şairləri yer üzünə səpib ki, haqqı desinlər. Şairlər Allahın buyurduqlarını qoruyandılar. Əsərlər nəyə xidmət edir? Haqqa! Hər adam şeir yaza bilmir ki! O ilham pərisi ki, var ha, o qdasını aldığım, o misraları şairə pıçıldamasa şair şeir yaza bilər? Ruhu coşa bilər? İrmaqlar sellənə bilər? Əsla!Qaldı dünyanın şairlərdən əlhəzər etməyinə, bu, keçəri şeydi. Şair də dünyanın dərdindən, dünyadakıların qayğılarından yazır də. Onların hisslərini, duyğularını ifadə edir də. Ayrı nə yazır? Sadəcə öz süzgəcindən keçirir. Ümumiləşdirir, poetikləşdirir və dillər əzbərinə çevirir. Əks halda adamlar gərək hissiz-duyğusuz ola. Hissiz, duyğusuz da yaşamaq olar? Onda olarıq robot. Tarixə nəzər sal. Şairi daş-qalaq edənlər, dərisini soyanlar olmayıbmı? Hanı o əlidaşlılar, əli bıçaqlılar? Onlardan biri də qalmayıb. Amma o daş-qalaq edilənlər, dərisi soyulanlar yaşayır. Əlhəzər edənlər o daş atanların törəmələridi. Şeir sözdən yaranır. Özü də göydən gəlir, axı. Ölər o heç? İnanmıram buna.Sualın ikinci hissəsinə gəlincə, deyim ki, şeirə, hekayəyə heç vaxt qazanc mənbəyi kimi baxmamışam. İşləmişəm, dolanmışam. Qonorar mənim üçün yardımçı vasitə olub. Yazanda yalnız bir sual düşündürüb məni: oxucuya nə verirəm? Vəssalam. İndiki kitabımı satışa da verməmişəm. Eləcə həmkarlarıma, bir də sözə qiymət verənlərə paylayıram.
– Sizinlə sorğu aparan hər bir jurnalistdən eşitmək istədiyiniz, ancaq bu günə qədər sizə verilməyən bir sual seçin və cavablandırın.
– Redaktorluq gündüzünüz, yazıçılıq gecəniz olub. Hansına üstünlük vermisiniz?
– Məncə, redaktorluğum yazıçılığımdan öndə olub həmişə.
17.10.2012
abdin41@mail.ru
tofigabdin.com



