Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) müğənni Xumar Qədimovanın “Əl-ələ tut gedək” kompozisiyasının təqdimatı keçirilib.
Axşam.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə şair, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açaraq bəstənin ərsəyə gəlməsindən bəhs edib:
“Əl-ələ tut gedək” kompozisiyasının sözləri Sona xanım Vəliyevaya, musiqisi Xumar xanım Qədimovaya məxsusdur. Sona xanımı çoxumuz ictimai və mədəni proseslərlə, maarifçilik tədbirlərilə əlaqədar tanıyırıq.
Ancaq ədəbi mühit üçün Sona Vəliyeva ilk növbədə çox gözəl şairdir. Onun “Çəhrayı rəngli dünyam”, “Arazbarı” kimi şeirlər kitabı işıq üzü görüb və rəğbətlə qarşılanıb. Hətta “Ulduz” jurnalının 4-cü aprel sayında “Arazbarı” hədiyyə kimi oxuculara təqdim olunub. Bu, Sona xanımla Xumar xanımın ilk işbirliyi deyil. Xumar Qədimova 2012-ci ildə Sona Vəliyevanın “Şükür ki, ölməmişəm” şeirinə bəstələdiyi mahnını səsləndirib. “Əl-ələ tut gedək” kompozisiyasını orkestrdə Əvəz Muradov müşayiət edir. İnstrumental ifa Hikmət Aslanova məxsusdur. Burada Xalq artistləri Alim Qasımovla Nurəddin Mehdixanlının, sənətçi Novruz Savalanın da ifası yer alıb. Klipdə dərviş obrazı var. Fərqli bir kompozisiya kimi ortaya çıxan bu əsərin maraq doğuracağına və seviləcəyinə inanıram”.
R.Məcid X. Qədimovanın sənəti barədə də fikirlərini bölüşüb:
“Onun səsi, ifası mənim üçün əzizdir, xüsusi dəyərə malikdir. Xumar xanımın ifasını hər dəfə dinləyəndə fərqli auraya düşürəm. Onun səsində, oxu tərzində qeyri-adilik var. Həyatda və yaradıcılıqda da belədir.
Xumar birdən qeyb olur, yoxa çıxır. Sonra məlum olur ki, hansısa ciddi bir işlə, yaradıcılıq yenilikləri ilə məşğul imiş. “Əl-ələ tut gedək” Xumar xanımın daha əvvəlki “Sevgi harayı” layihəsinin davamıdır. Kompozisiyanın birinci hissəsi həzin, sona yaxın isə qətiyyətli, hökm kimi səslənir və insanda fərqli təsirlər oyadır”.
Şairə Sona Vəliyeva çıxışında mahnının musiqisinin də, ekran işinin də uğurlu alındığını bildirib:
“Müəllif şeiri yazır, oxuyan oxuyur, oxumayanın isə xəbəri olmur. Ancaq mahnı janrında o yayılır və daha geniş auditoriya qazanır. Mən buna görə Xumar xanıma təşəkkürümü bildirirəm. Vətən, torpaq haqqında mahnılara bəstəkarın, müğənninin müraciəti onun özünün böyüklüyüdür. Bunu Xumar xanımın əsərə yanaşmasında da görürük. İnsan öləndə unudulmur, unudulanda ölür. “Şükür ki, ölməmişəm” mahnımdan sonra mənə zəng vurub deyirdilər ki, elə bil ailəm, vəsiyyətim haqqında yazmısınız. Düşünürəm ki, Xumar Qədimova ilə çoxlu əsərlər yaratmaq olar. Çünki həyata, dünyaya baxışımız, fəlsəfəmiz eynidir. Mən burada musiqinin sözlərdən güclü olduğu qənaətinə gəldim. Xumar xanım onu tək də ifa edə bilərdi, amma şeirin tələbindən kompozisiya şəklinə salıb. Qoy bu klipin ayağı hamı üçün uğurlu, sayalı olsun”.
Xumar Qədimova bu kompozisiyadan əlavə, Sona Vəliyeva ilə daha bir möhtəşəm layihə hazırlayacağını deyib:
“Çıxışıma Sona xanımın sözləri ilə başlamaq istəyirəm: “Şükür ki, ölməmişəm. Elə belə, bu dünyadan getmişəm”. Bunu əbəs yerə demirəm. Bu iş başa çatanadək, mən onun özümdən asılı olan tərəflərini ərsəyə gətirənədək, şükür ki, ölmədim. Ona tam varlığımı, ürəyimi qoydum, torpağıma, vətənimə olan sevgimlə, ailəmdən aldığım tərbiyəylə, Sona xanımın qələminə olan sevgiylə yaratdım, canımı qoydum bu işə. Şükür Allaha ki, mən ölmədim, gözəl bir iş ortaya çıxardıq. Bu, təkcə Sona xanımla Xumarın işi deyil.
Bu gün hamımızın günüdür. Rəşad bəyə çıxışı və yanımızda olduğu üçün təşəkkür edirəm. Sona xanımla növbəti bir layihəmiz də olacaq. Allah eləsin, onda da oturub deyim, şükür ki, ölməmişəm. O da möhtəşəm bir kompozisiya olacaq. Çox danışmayım, qoy sirr qalsın. Bu, Sona xanımın çox fəlsəfi, məni dəli edən bir əsəri əsasında yaranacaq”.
Sənətçi, həmçinin, sentyabrda “Sən və mən” adlı yeni layihəsini təqdim edəcəyini deyib.
Daha sonra “Əl-ələ tut gedək” kompozisiyanın nümayişi olub.