Tatarıstanın paytaxtı Kazanda Özbəkistan vətəndaşının məktəbli oğlunu oğurlayan azərbaycanlılardan ibarət dəstə üzvləri həbs edilib.
Lent.az-ın “Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə dekabrın 8-də baş verib.
Özbəkistan vətəndaşı polisə müraciət edərək bildirib ki, naməlum şəxslər məktəbli oğlunu oğurlayıblar. Oğrular oğlunun azadlığa buraxılması üçün atasından 1 milyon rubl (təxminən 33 min dollar) tələb ediblər.
Polis əməkdaşları Özbəkistan vətəndaşının bütün tanışlarını, məktəblinin sinif yoldaşlarını sorğuya çəkilib. Aydın olub ki, uşaq məktəbdən çıxarkən iki naməlum kişi onu avtomobilə əyləşdirərək naməlum istiqamətə aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmənin saxlanıldığı mənzil müəyyənləşdirilib. Mənzilin yaxınlığında məktəbli oğurlanarkən istifadə edilən avtomobil də tapılıb.
Həmin vaxt mənzildə olan 4 nəfər polis şöbəsinə gətirilib. Onların Azərbaycan vətəndaşı olduğu üzə çıxıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.