Adətən idxal malları paytaxtlarda və iri şəhərlərdə ucuz olurlar, çünki belə yerlərə mal topdansatış qiymətlərlə satılır, əyalətlərə aparıldıqda isə qiymət, təbii ki, artır.
Amma ANS PRESS “News.am” portalına istinadən bildirir ki, Ermənistanda belə deyil, əyalətdə qiymətlər İrəvandan qat-qat ucuzdur.
Portal konkret qiymətlərlə müqayisə aparır: məsələn, İrəvanda kərə yağın kiloqramı 3,7 min dram, yəni 9,09 dollar olduğu halda Martuni rayonunda 2,6 min drama (6,38 dollara) satılır. Ümumiyyətlə, Ermənistanın əyalətlərində kərə yağının qiyməti 2,8 min dramdan (6,87 dollardan) yuxarı keçmir. Yəni qyimət fərqi 1,4 dəfədir.
Yaxud İrəvanda düyünün kiloqramı 857,5 drama (2,1 dollara) satıldığı halda, 11 əyalət şəhərində qiymət 614,8 dram (1,5 dollar), Vaqarşapatda isə 583,5 dramdır (1,43 dollardır). Əyalətlərdə qiymət ucuzluğu tamamilə idxal buğdasından istehsal olunan çörəyə şamil edilir. Portalın yazdığına görə, Ermənistanın əyalət şəhərlərində çörəyin kiloqramının orta qiyməti 435,6 dram, yəni 1,06 dollardır və bu, İrəvandakı qiymətlərdən 63,5 dram (0,16 dollar) ucuzdur.
“News.am” bu məsələyə təəccüb edir - hər halda ölkənin kütləvi məhsul istehsal edinə iri zavodları İrəvandadır və bu, məhsulun ucuz olmasına gətirməli idi. Daha sonra isə portal özü məsələnin sirrini açır - sən demə, əyalətlərdə satılan məhsullar hamısı saxtalaşdırılmış keyfiyyətsiz analoqlar imiş. Yəni əyalətlərdə kərə yağ adı altında satılan məhsul əslində marqarini bol olan sprey imiş. Regionlarda satılan düyü də daha keyfiyyətsiz sortlardan qablaşdırılırmış. Elə çörək də - daha aşağı növ buğdadan istehsal edilirmiş. Yəni erməni biznesmenlər əyalət camaatına onların maddi durumuna uyğun ərzaq məhsulları satırlar.
Əyalət əhalisi isə bu faciəli həyat tərzinə dözmək fikrində deyil. Erməni mətbuatının yazlığına görə, noyabr-dekabr aylarında isə yoxsul kənd sakinlərinin boynuna daha bir maddi yük düşüb-yanacaq xərci. Meşəsiz çılpaq dağlardan ibarət bu ölkədə kənd əhalisi evini yalnız ya bahalı elektrik enercisi ilə , ya da litri 1 dolların ətrafında dəyişən mazutla qızdırmalıdır. Qış aylarında bir ailənin yanacaq xərci 100 dollarlarla ölçülür ki, bu da kəndlərdən ölkə xaricinə köçü sürətləndirir. Noyabrda erməni saytlarının yazdığına görə, hər gün Ermənistan-Gürcüstan sərhədindən Rusiyaya 8 avtobus adam gedir, cəmi iki avtobus geri qayıdır. Gedənlər əsasən kənd adamlarıdır və onların əv əşyalarını da özləri ilə götürməsi bir daha qayıtmayacaqlarından xəbər verir.