Avqustun 27-dən 30-dək M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxananın şöbə müdiri Aygün Hacıyeva Rusiya Federasiyasının Həştərxan Vilayətində ezamiyyətdə olub. O, Həştərxan Vilayətinın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə B.Şaxovski adına Gənclər Kitabxanası tərəfindən təşkil olunan gənc peşəkarların Xəzəryanı Assambleyasında iştirak edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Həştərxan Vilayətinin mədəniyyət və turizm naziri Qalina Zoteyeva açaraq, assambleyanın işinə uğurlar arzulayıb.
Sonra bir sıra ölkələri təmsil edən kitabxanaların tədbirə qoşulan mütəxəssislərin iştirakı ilə plenar iclas olub.
Kitabxana işinin yeni formaları, innovativ proqram və layihələrin tətbiqi sahəsində müzakirələrin aparıldığı iclasda Aygün Hacıyevanın "Azərbaycan Milli Kitabxanasının ənənəvi və elektron fondu: komplektləşdirilməsi və istifadəsi" mövzusunda məruzəsi dinlənilib.
Tədbir çərçivəsində "Kitabxana jurnalistikası" mövzusunda ustad dərsləri keçirilib, vilayət kitabxanaları əməkdaşlarının mükafatlandırılması mərasimi olub.



