|
|
|
|

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş Füzuli rayonundan olan abituriyentlərlə görüşüb.
Görüşdə çıxış edən Bahar Muradova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində bütün sahələrdə nailiyyətlər qazandığını söyləyib.
Vitse-spiker qeyd edib ki, ölkəmiz regionda və dünyada özünəməxsus mövqeyə malikdir. Onun sözlərinə görə, bu nailiyyətlərin əldə olunmasının səbəbi ilk növbədə xalqa, onun istəyinə, milli-mənəvi dəyərlərinə bağlıdır. O, deyib ki, müasir dünyada inkişafın Azərbaycan modeli mövcuddur: “Bu modelin özünəməxsusluğu bir çoxlarının diqqətini cəlb edir. Nailiyyətlərimizin əsas səbəblərindən biri də təhsilə, elmə çox böyük diqqət yetirməyimizdir”.
Vitse-spiker həmçinin bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunda yetişməsinə, dövlətə, cəmiyyətə yararlı vətəndaş kimi formalaşmasına xüsusi diqqət yetirirdi. B. Muradovanın qeyd etdiyinə görə, Prezident İlham Əliyev bu siyasi kursu daha da inkişaf etdirərək uğurla həyata keçirir. MM sədrinin müavini deyib ki, Azərbaycanın bugünkü gəncliyinin cəmiyyətin həyatında yüksək fəallığı ölkəmizin gələcəyinin etibarlı əllərdə olacağını deməyə əsas verir: “Bu gün bizim çox gözəl gəncliyimiz yetişir. Gənclər ictimai-siyasi həyata cəsarətlə atılırlar”.
B. Muradova eyni zamanda vurğulayıb ki, Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarının biri məhz Füzuli bölgəsində açılıb: “Bu bölgənin yetirməsi olan tanınmış alimlər, ictimai-siyasi, elm xadimləri var. Ötən il Füzuli rayonundan 231 nəfər, bu il isə 326 nəfər ali məktəblərə daxil olub. Bugünkü görüşdə iştirak edən gənclər yüksək bal toplamaqla yanaşı, ölkəmizin ən qabaqcıl təhsil ocaqlarına daxil olublar”.
Görüş zamanı çıxış edən abituriyentlər Azərbaycanda gənclərin inkişafından, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan danışıb və ölkə rəhbərliyinə, xüsusilə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda görüşdə iştirak edən abituriyentlərə və müəllimlərə hədiyyələr verilib.
K.HƏMZƏOĞLU



