|
|
|
|

Dünən "Kaspi" Təhsil Şirkəti 2014/2015-ci təhsil ilinə dair yekun hesabatın verilməsi və ictimaiyyəti gələcək plan və layihələrdən xəbərdar etmək məqsədilə mətbuat konfransı keçirib.
"Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva rəhbərlik etdiyi qurumun ötən təhsil ili ərzində qazandığı uğurlardan danışaraq qeyd edib ki, bu il onların hazırlaşdırdığı abituriyentlərin ümumi qəbul göstəricisi 98 faiz olub: "Abituriyent kursunun əsas meyarı hesab olunan orta bal bu il "Kaspi"də 450 bal olub. Keçən tədris ilində bu göstərici 380 idi. O cümlədən, bu tədris ilində Azərbaycan bölməsi üzrə ən yüksək göstərici Cəfər Balakişiyev tərəfindən toplanılan 685 bal, rus bölməsi üzrə ən yüksək göstərici isə Nərmin Camalova tərəfindən toplanılan 691 bal olub. 450 baldan yüksək nəticə göstərənlərin 18 faizi isə 600-dən yüksək bal toplayıb. Hətta "Kaspi" Təhsil Şirkətində hazırlıq keçən abituriyentlər bu gün Prezident təqaüdünə də namizədlər sırasındadır. Qeyd etmək istəyirəm ki, 380 nəfər yaxın gəncimiz "Kaspi"də hazırlıq keçdikdən sonra dünyanın bir çox ölkələrinin universitetlərində təhsil alaraq yüksək peşə ixtisaslarına yiyələniblər. Onların bu uğurlarında "Kaspi"nin müəllimlərinin zəhmətləri danılmazdır. Ona görə də, hesab edirəm ki, "Kaspi" Təhsil Şirkətinin əldə etdiyi nailiyyətlərdə ən böyük pay sahibi bizim müəllimlərimizdir".
S.Vəliyeva vurğulayıb ki, rəhbərlik etdiyi qurum fəaliyyətə başladığı ilk gündən etibarən qazanılan uğurlar barədə Azərbaycan ictimaiyyətinə məlumat verilib: "2007-ci ildən bəri biz bu ənənəyə sadiq qalmışıq. Çünki biz insan resursu ilə işləyirik. Xüsusilə də gələcəyimizin qarantı olan gənclərlə işləmək daha böyük məsuliyyət tələb edir. Bu mənada, bizim ikinci bir işimiz dövlətimizin gələcək quruculuğunun təminatı olan gənclərin yetişdirilməsində dövlətin həyata leçirdiyi təhsil siyasətinə dəstək verməkdir. Biz bacardığımız qədər bu siyasətə dəstək verməyə çalışırıq".
Şirkətin təsisçisi qeyd edib ki, 2007-ci ildə çox kiçik bir məkanda fəaliyyətə başlasalar da artıq 10 şöbə ilə təhsil sahəsində xidmət göstərirlər.
S.Vəliyeva deyib ki, təsisçisi olduğu şirkət təhsilin inkişafına dəstək vermək üçün bir sıra sosial layihələr də həyata keçirir: "Sevindirici haldır ki, təmənnasız olaraq həyata keçirilən bu maarifləndirmə tədbirləri öz nəticələrini verir".
Bundan əlavə, S.Vəliyeva söyləyib ki, "Kaspi" Təhsil Şirkətində bütün müəllimlər işə qəbul olunarkən xüsusi imtahandan keçirlər: "Bu, təhsilin inkişafında çox mühüm addımdır. Biz fəaliyyətimizi genişləndirdikcə təhsildə keyfiyyəti artırmağı qarşımıza əsas məqsəd qoymuşuq. Ona görə də, hazırlıq kurslarında qiymətlər orta gəlirli ailələrin qazanclarına uyğunlaşdırılıb".
Şirkətin direktoru Elnur Əliyev isə "Kaspi" Təhsil Şirkətinin sentyabrın 15-dən etibarən istifadəyə veriləcək yeni mərkəzləri haqqında məlumat verərək qeyd edib ki, 2015/2016-cı tədris ilində "Kaspi"nin Bakının Xətai rayonunda lisey və uşaq bağçası, Gəncə şəhərində isə daha bir mərkəzi fəaliyyətə başlayacaq. O bildirib ki, bundan əlavə şirkətin Lənkəran, Masallı və Mingəçevir şəhərlərində yerli nümayəndəlikləri fəaliyyətə hazır vəziyyətdədir: "Lənkəran və Masallıda abituriyent, Mingəçevirdə isə məktəbəqədər hazırlıq kursları təşkil olunacaq".
Şirkətin direktoru deyib ki, "Kaspi" Təhsil Şirkəti 2007-ci ildə əcnəbi dilləri tədris edən bir məkrəz kimi fəaliyyətə başlayıb: "Növbəti illər ərzində şirkət abituriyent, magistratura, məktəbəqədər hazırlıq, komputer, ümumtəhsil orta məktəbləri, uşaq bağçaları, Kaspi Global (xaricdə təhsil xidmətləri) kimi xidmətlər ilə fəaliyyətini genişləndirib".
E.Əliyev əlavə edib ki, "Kaspi" Təhsil Şirkəti İngiltərənin Kembric Universiteti ilə əməkdaşlıq əlaqələri qurub: "Kaspi"də ingilis dilinə yiyələnən şəxslər Kembric Universitetinin sertifikatına layiq görüləcək. Bu sertifikatı onlara Kembric Universitetinin İmtahan Mərkəzi təqdim edəcək. Eyni zamanda, "Kaspi" müəllimlərin də dil biliklərini artırmaq üçün təlim mərkəzi açıb. Burada məqsəd gənclərə xarici dil təhsili verən müəllimlərin peşəkarlığını artırmaq və bununla da təhsilin keyfiyyətini daha da yüksəltməkdir".
Direktor məlumat verib ki, bu il "Kaspi"də hazırlıq keçən abituriyentlər Azərbaycan Diplomatik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Ali Neft Məktəbi kimi nüfuzlu dövlət təhsil ocaqlarına qəbul olunaraq ali təhsillərini davam etdirirlər.
Sonda "Kaspi" Təhsil Şirkətində hazırlıq keçərək ali təhsil pilləsinə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərə qiymətli hədiyyələr təqdim olunub.
Ceyhun ABASOV



