Sentyabr ayının 9-da Amerika Birləşmiş Ştatları Səfirliyinin İnformasiya Resursları üzrə direktoru xanım Holly Murten və səfirliyin İctimai əlaqələr şöbəsinin Maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova Azərbaycan Milli Kitabxanasında olublar.
Qonaqları Milli Kitabxananın direktoru Kərim Tahirov qəbul edib. O, qonaqlara Azərbaycan Milli Kitabxanası haqqında ətraflı məlumat verib, Milli Kitabxananın respublikanın ən iri kitabsaxlayıcısı, region kitabxanaları üçün metodik mərkəz olduğunu bildirib.
K.Tahirov kitabxanada bütün iş proseslərinin avtomatlaşdırılmasından danışıb, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında yazılmış avtomatlaşdırılmış sistem olan ALİSA proqramının regionlara tətbiq edilməsindən, DATA Mərkəzin Milli Kitabxanada yerləşməsindən, region kitabxanaçılarının Milli Kitabxanada treninqlər keçməsindən bəhs edib.
İxtisasca kitabxanaçı olan xanım Murten Milli Kitabxanaya məcburi nüsxələrin verilməsi, beynəlxalq əlaqələr, sənədlərin elektron çatdırılması, tarixi sənədlərin rəqəmsallaşdırılması və s. ilə maraqlanıb.
Kitabxana ilə əyani və yaxından tanış olan xanım Murteni maraqlandıran bütün suallar cavablandırılıb.
Görüşün sonunda Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan mətbəxi (ingilis dilində), Qobustan- Minilliklərin kitabı (Azərbaycan və ingilis dillərində), Azərbaycan ədəbiyyatı (şeirlər, ingilis dilində) kitabları və Milli Kitabxana haqqında film (DVD) qonağa təqdim edilib.