|
|
|
|

Bakı Ali Neft Məktəbində (BANM) Məktəbin "Neft-qaz mühəndisliyi" ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında "Public Speech" (İctimai danışıq) adlı iki günlük təlim keçirilib.
Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, layihənin təlimçisi BANM-in "Neft-qaz mühəndisliyi" ixtisasının III kurs tələbəsi Zərifə Orucova olub.
Tədbirdə BANM rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər. Rektor Elmar Qasımov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasının yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan verdiyini deyib. E. Qasımov bildirib ki, BANM-in tələbələri bu layihələrin həyata keçirilməsi üçün oz ideyalarını və təşəbbüslərini irəli sürürlər, müstəqil şəkildə icra edirlər. O , "Neft-qaz mühəndisliyi" ixtisasında təhsil alan III kurs tələbəsi E. Məmmədovanın layihəsinin nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün çox vacib bir layihə olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Gənclər Fondunun məqsədi, yaranması və Fonda təqdim olunan layihələrin istiqamətlərindən danışıb. Fərhad Hacıyev bu Fondun gənclərin yaradıcı ideyalarının həyata keçirilməsinə dəstək vermək üçün yaradıldığını bildirib. O, bu prosesin tamamilə şəffaf şəkildə internet vasitəsilə müraciətlərin qəbul olunması ilə həyata keçirildiyini deyib.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Bakı Ali Neft Məktəbinin uzun ömürlü və uzun taixi olan bir çox universitetləri geridə qoyduğunu bildirib. BANM-in yaranması ilə ali təhsil məkanına yeni sağlam rəqabət gəlib və sağlam rəqabət olan yerdə həmişə inkişaf olacaq. S. Orucov məktəbdə tələbələr üçün müxtəlif ictimai və bu cür nitq mədəniyyətinin inkişafı üçün tədbirlərin keçirilməsinin bu Ali Məktəbin üstün cəhəti olduğunu vurğulayıb.
Xatırladaq ki, "Public Speech" (Ictimai danışıq) adlı layihənin əsas məqsədi gənclərin ingilis dilində ictimai danışıq bacarıqlarını inkişaf etdirmək, liderlik xüsusiyyətlərini aşılamaq, müxtəlif mövzularda müasir təqdimat üsullarını öyrətmək, ali məktəblərin tələbələrini bir araya gətirərək, onların fəal ictimai fəaliyyətləri ətrafında müzakirələr aparmaqdır. Layihənin 1-ci günündə layihə rəhbəri Emilya Məmmədova və layihə təlimçisı Zərifə Orucova tərəfindən "How to make effective presentations" (Təsirli prezentasiyalar necə edilməlidir) və "Public speech" (Ictimai danışıq) mövzularında təqdimatlar keçirilib. Layihənin 2-ci günündə isə, iştirakçılar müxtəlif mövzularda öz ilk təqdimatları ilə çıxış ediblər.
Qeyd edək ki, layihə 66 nəfər gəncin iştirakı ilə həyata keçirilib. Sonda iştirakçılara BANM-in rektoru və layihə rəhbəri Emilya Məmmədovanın imzası ilə sertifikatlar təqdim olunub.
Vəfa MƏMMƏDLİ



