|
|
|
|

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) fəaliyyətə başladığı ilk illərdən bir çox beynəlxalq layihələrin işlənib hazırlanmasında və icrasında maraqlı tərəflərdən biri kimi tanınıb.
Avropa İttifaqı tərəfindən maaliyyələşdirilən "TEMPUS" proqramının 5-ci çağırış "E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) Milli operator və test mərkəzlərinin yaradılması" layihəsi üzrə tərəfdaş ali təhsil müəssisələrindən biri də Azərbaycan Turizm və Menecment Universitetidir. "Tempus" proqramı üzrə "Milli operator və test mərkəzlərinin yaradılması" adlı layihənin şərtləri əsasında ATMU-da 2014-cü ildən fəaliyyət göstərən test mərkəzi müasir texniki avadanlıqlarla təchiz edilib. Layihənin icrası mexanizmində məhz tərəfdaş ali təhsil müəssisələrində ECDL Milli operator və test mərkəzlərinin qurulması, təlimlərin keçirilməsi və sertifikatların verilməsi kimi şərtlər nəzərdə tutulub.
Mobillik çərçivəsində sentyabrın 7-dən layihənin tərəfdaş universiteti - Polşanın Elm və Texnologiya Universitetinin (UTP) nümayəndələri tərəfindən monitorinq keçirilib. ATMU-nun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 9-da Universitetdə layihə çərçivəsində növbəti monitorinq-görüş keçirilib. Görüşdə ATMU-nun rektoru tarix elmləri doktoru, professor C.Cəfərov, tədris işləri üzrə prorektor E.Aslanov, layihənin Qafqaz Universiteti üzrə baş koordinatoru Ü.Bağırov, ATMU üzrə koordinatoru, dekan müavini F.Ələsgərova, Polşanın Elm və Texnologiya Universitetinin (UTP) nümayəndələri - Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Malgorzata Jaroszewska, dekan müavini, doktor Janusz Musial və ATMU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak ediblər.
Rektor Cəfər Cəfərov qonaqlarla söhbət əsnasında layihənin uğurla davam edəcəyinə və qarşıdakı illərdə Polşanın Elm və Texnologiya Universiteti ilə də əlaqələrin genişlənəcəyinə əminliyini bildirib.
"ECDL Azərbaycan" layihəsinin baş koordinatoru Ü.Bağırov ECDL (European Computer Driving Lisence) kompyuter bilikləri və beynəlxalq sertifikat proqramına dair məlumatında ECDL-in İrlandiya Foundation tərəfindən idarə edildiyini diqqətə çatdırıb.



