|
|
|
|

Dünən Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı" keçirilib. Konfransda təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Konfrans dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib. O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7760 müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır.
O bildirib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb. Hazırda bu fərq 6 faiz təşkil edir. C. Bayramovun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi "Promethean" lövhəsi, 1546 nəfər isə kompüterlə mükafatlandırılıb.
C. Bayramov bildirib ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı müsabiqəyə ümumillikdə 644 vakant yer çıxarılıb. 375-i ibtidai sinif müəllimi ixtisası üzrə olub. Nazirliyin keçirdiyi yerdəyişmə müsabiqəsi nəticəsində rayonlar, şəhərlər üzrə 51 nəfər müəllimin işi Bakı şəhərinə dəyişdirilib. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin I,II və III turları nəticəsində 427 nəfər müəllim işə qəbul olunub. 2233 nəfər yeni müəllim müsabiqə yolu ilə işə qəbul olub.
C. Bayramovun sözlərinə görə, məktəbdənkənar təhsil müəssisələrində 2862 dərnəkdə 34776 uşaq məşğul olub. 87 məktəbdə 3006 uşaq məktəbhazırlıq kurslarını uğurla bitiriblər.
2015 -ci tədris ilində təlimlərdə 162 nəfər iştirak edib və seçim əsasında 24 nəfər ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyinat alıb. Son iki ildə müsabiqə yolu ilə 79 nəfər direktor müavini təyin edilib.
Nazir müavini elektron informasiya sisteminə əmək müqavilələrinin bağlanmasına dair 39775 ədəd bildiriş daxil edildiyini söyləyib. 46 105 nəfər təhsil işçisinin elektron kadr uçotu yenidən aparılıb və bununla da tam şəffaf bir məlumat bazası yaradılıb. Təhsil alan 300 mindən artıq şagird elektron üsulla proqrama daxil edilib, sağlamlıq imkanları məhdud 4276 nəfər uşağın elektron uçotu aparılıb.
C. Bayramov qeyd edib ki, BŞTİ-yə tabe olan 319 təhsil müəssisəsinin saytı fəaliyyət göstərir.
Nazir müavini bildirib ki, Respublika olimpiadalarında iştirak edən şagirdlərin sayı 4,5 dəfə artıb. 3338 nəfər Azərbaycan vətəndaşı Dövlət Proqramı əsasında dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.
Konfransda yekun çıxışı edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. " Bilik Günü" münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni tədris ilində ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb.
Nazir bildirib ki, ölkə ərazisində onlarla məktəb, o cümədən, Bakı şəhərində bir çox məktəblər yenidən tikilib, yaxud əsaslı şəkildə təmir olunub. Son günlərdə dövlət başçısı da həmin məktəblərdən bir neçəsinə baş çəkib. Son illər Azərbaycanda müsbət demoqrafik vəziyyət müşahidə olunduğundan, ildən-ilə birinci sinfə gedənlərin sayı artır. Bu da dövlətimizin, vətənimizin güclənməsi deməkdir. Ona görə də təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri də tam həcmdə ibtidai siniflərdə uşaqların tədrisi üçün zəruri şəraitin yaradılmasıdr. Dərsliklərlə təminatda da çətinlik gözləmirik. Onun sözlərinə görə, tədris ilinin ilk həftələrində monitorinq aparılması üçün xüsusi qrup yaradılır ki, dərslik təminatı ilə bağlı problem yaranarsa, operativ şəkildə həll olunsun. Nazir bu il 2 mindən çox yeni müəllimin işə qəbul olunduğunu da vurğulayıb.
Korrupsiya il mübarizəylə bağlı nazir bildirib ki, korrupsiya ilə mübarizə Təhsil Nazirliyi üçün əsas olaraq qalır. Bizim bu məsələdə vətəndaşlardan da gözləntilərimiz var. Onlardan aktivlik gözləyirik. Təhsil Nazirliyi tərəfindən korrupsiya ilə mübarizə iki istiqamət üzrə aparılır. Birinci istiqamət vətəndaşların müraciətləri əsasında yəni fərdi yolla Təhsil Nazirliyinin bu məqsədlə fəaliyyət göstərən xüsusi strukturu vasitəsilə həyata keçirilir. Korrupsiya ilə mübarizə istiqamətində ikinci yol vətəndaşlarla məmur arasında əlaqələrin minimuma endirilməsidir. Bununla əlaqədar artıq birinci sinfə qəbul elektron qaydada aparılır. O cümlədən, müəllimlərin işə qəbulu, direktorların işə qəbulu proseduru və.s hamısı bu məqsədlə həyata keçirilən tədbirlərdəndir. Nazir bildirib ki, son tədris ilində təhsil sahəsində çalışan təhsil işçiləri cəzalandırılıb.
Nazir onu da vurğulayıb ki, ən mühüm göstəricilərdən biri orta təhsil səviyyəsinin yaxşılaşmasıdır. Son üç ildə 2012-ci illə müqayisədə Azərbaycan ümumtəhsil məktəblərində 9-cu siniflərin məzunları arasında müsbət qiymət alan şagirdlərin sayı 14 faiz artıb. Bu göstərici hər il artmaqdadır. Biz həm də aşağı nəticə göstərən şagirdlərin azalmasını müşahidə edirik. Bu da son illərdə təhsil sahəsində həyata keçirilən işlərin və təhsilin keyfiyyətinin yüksəldilməsinin nəticəsidir.
Nazir bildirib ki, orta məktəblərdə şagirdlərin qiymətləndirilməsini yalnız icbari təhsil müddəti başa çatandan sonra həyata keçirilir. 9-cu sinif məzunları buraxılış imtahanları verir. Lakin təhsil işçiləri razılaşarlar ki, eyni məlumat 6-cı sinfi, ibtidai sinfi bitirən şagirdlərin nəticələrinə dair olsaydı, bu bizə daha çox imkanlar verərdi, təhsil prosesində, metodikasında müşahidə etdiyimiz boşluqları daha tez özümüz üçün müəyyənləşdirək və lazım olan müdaxilələri məhz onların təhsil müddətində edək. Hesab edirəm ki, Təhsil Nazirliyinin müvafiq şöbələri bununla bağlı layihə hazırlayıb təqdim etməlidirlər.
Konfransda 23 ümumi təhsil müəssisəsi IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün , 11 ümumi təhsil müəssisəsi təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər və 2014-2015-ci ilində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən irəliləyiş əldə etdiyi üçün , 8 ümumi təhsil müəssisəsi isə istedadlı şagirdlərlə işin təşkili və onların potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərdə fərqləndiyi üçün Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif ediliblər.
Vəfa MƏMMƏDLİ



