|
|
|
|

Dünən Azərbaycan Turizm və Menecment Universitetində 2015-2016-cı tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib.
ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxış edərək Bilik günü münasibəti ilə tələbələri təbrik edib:
"Ölkə prezidenti cənab İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli müvafiq sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında yaranan Azərbaycan Turizm və Menecment Universitetinin ilk -birinci kurs tələbələrinə məhz ATMU-da təhsil almağı qürur və məqsəd kimi dəyərləndirdiklərinə görə təşəkkür edirəm. İnanıram ki, bu seçiminizdə yanılmayacaqsınız. Sizlərə bildirim ki, ATMU 10 illik fəaliyyəti ərzində ölkə ali təhsil ocaqları sırasında bir sıra ilklərə imza atanlardan sayılır".
Rektor C.Cəfərov çıxışının sonunda tələbə adını qazanan gənclərə təhsil uğurları arzulayıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni tədris ilinin başlanması münasibəti ilə hamını təbrik edib, ATMU-nun tələbəsi adını qazananların istəklərinin reallaşmasında hər bir gəncin 11 illik zəhmətinin bəhrə verdiyini xüsusi vurğulayıb. Nazir Ə.Qarayev daha sonra bildirdi ki, ölkənin dinamik inkişafına, insanların həyat səviyyəsinə, dünya görüşünə turizmin təsiri böyükdür. ATMU tələbələrinin təhsili uğurla başa vurandan sonra öz sələfləri kimi turizm sənayesinin layiqli təmsilçiləri olmaları üçün ilk növbədə yaxşı çalışmağı, müasir bilikləri əks etdirməyi və təcrübə qazanmağın vacibliyini qeyd edib.
Sonra nazir ATMU-ya yüksək balla qəbul olunanlara tələbə biletlərini təqdim edib.



